AZ

Dövlət dəstəyi alan mebel ustası: Yeni avadanlıqlar işimizin sürətini və keyfiyyətini artırıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə, 5 mart, AZƏRTAC

Gəncə şəhərində illərdir öz zəhməti ilə dolanan sənətkarlar dövlətin məşğulluq siyasətinin verdiyi imkanlardan faydalanaraq fəaliyyətlərini genişləndirmək imkanı əldə edirlər. “Özünüməşğulluq” proqramı çərçivəsində həyata keçirilən tədbirlər aztəminatlı və işaxtaran vətəndaşların kiçik biznes qurmasına şərait yaradır, onların dayanıqlı gəlir əldə etməsinə dəstək olur. Bu proqramdan yararlananlardan biri də mebel ustası Nizami Vəliyevdir.

Uzun illərdir bu sənətlə məşğul olan Nizami Vəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, peşəsini sevsə də, işini genişləndirmək üçün lazımi avadanlıqları əldə etmək hər zaman mümkün olmurdu. Bu səbəbdən o, Dövlət Məşğulluq Agentliyinə müraciət edib və özünüməşğulluq proqramına cəlb olunub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində layihə iştirakçılarına biznes mükafatlarının təqdim edilməsi məqsədilə 2025-ci ildən etibarən “Həvəsləndirmə mükafatları” müsabiqəsi keçirilir. Müsabiqə ilk dəfə olaraq Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə təşkil edilib və qalib seçilən 10 benefisiara qurduqları kiçik bizneslərin genişləndirilməsi üçün əlavə avadanlıqlar təqdim olunub. Nizami Vəliyev də bu 10 nəfərdən biridir.

“20 ildir ki, mebel ustası kimi fəaliyyət göstərirəm. Müəyyən avadanlıqların alınması ilə bağlı çətinlik çəkirdik. Dövlət Məşğulluq Agentliyinə müraciət etdim və məni yeni avadanlıqlarla təmin etdilər”, – deyə Nizami Vəliyev vurğulayıb.

Gəncə şəhər sakini qeyd edib ki, məqsədi yalnız mövcud fəaliyyətini davam etdirmək deyil, eyni zamanda, biznesini genişləndirmək və mebel ustalığı sahəsində daha müasir üsullarla işləməkdir. Dövlət tərəfindən göstərilən dəstək isə bu planların həyata keçirilməsi üçün mühüm imkan yaradıb.

“Özünüməşğulluq” proqramına cəlb edilən şəxslər aktivlərlə təmin edilməzdən əvvəl xüsusi təlim kurslarında iştirak edirlər. Bu təlimlər zamanı iştirakçılara özünüməşğulluq istiqaməti üzrə nümunəvi biznes planının hazırlanması, fəaliyyətin təşkili ilə bağlı əsas biliklər və biznes fəaliyyətinin həyata keçirilməsi üçün zəruri hüquqi prosedurlar öyrədilir. Eyni zamanda, motivasiyayönümlü təqdimatlar keçirilir, bazarlara çıxış imkanlarının artırılması və digər dövlət proqramlarından istifadə ilə bağlı perspektivlər izah olunur.

Təlimlər başa çatdıqdan sonra iştirakçıların özünüməşğulluq fəaliyyətinə başlamağa hazırlıq səviyyəsi qiymətləndirilir. Biznes planını uğurla müdafiə edən şəxslər isə seçdikləri fəaliyyət istiqamətinə uyğun olaraq əmlak formasında aktivlərlə təmin edilirlər. Bu yanaşma vətəndaşların yalnız birdəfəlik dəstək alması ilə kifayətlənməyib, onların uzunmüddətli və dayanıqlı biznes qurmasına şərait yaradır.

Nizami Vəliyev də təqdim edilən avadanlıqların fəaliyyətinə ciddi müsbət təsir göstərdiyini deyir. Onun sözlərinə görə, yeni texniki vasitələr iş prosesini xeyli asanlaşdırıb və məhsuldarlığı artırıb. “Əvvəllər əl ilə gördüyümüz işləri indi yeni verilən avadanlıqlar vasitəsilə avtomatik şəkildə həyata keçiririk. Buna görə də işlərimiz daha sürətli gedir. Sifarişlərimiz artır, eyni zamanda, işimizin keyfiyyətini də yüksəldə bilirik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, “Özünüməşğulluq” proqramı dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Proqramın əsas məqsədi aztəminatlı və işsiz vətəndaşların məşğulluq imkanlarını genişləndirmək, onların öz bizneslərini qurmasına dəstək olmaq və sosial rifahını yaxşılaşdırmaqdır. Bu təşəbbüs həm də regionlarda kiçik sahibkarlığın inkişafına, yeni iş imkanlarının yaranmasına və yerli iqtisadi fəallığın artmasına xidmət edir.

“Özünüməşğulluq” proqramı çərçivəsində həyata keçirilən bu kimi tədbirlər bir daha göstərir ki, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və onların iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu dəstək sayəsində minlərlə insan öz zəhməti ilə gəlir əldə etmək və ailəsinin rifahını yaxşılaşdırmaq imkanı qazanır.

Müxbir - Elcan Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
azertag.az

3Mənbələr