AZ

Dövlətə ağıllı lider rəhbərlik edəndə o çox böyük nailiyyətlərə imza atır - RƏY

İranda baş verən gərginlik və müharibə xəbərləri fonunda Azərbaycanda hökm sürən sabitlik və sakitlik xüsusi qeyd olunmalıdır. Regionda mürəkkəb geosiyasi proseslərə baxmayaraq, ölkəmizdə ictimai asayiş və təhlükəsizlik qorunur. Azərbaycan hər zaman sülhə üstünlük verən, sabitliyi və təhlükəsizliyi prioritet sayan bir dövlətdir. Dövlət qurumları tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, sərhədlərin nəzarətdə saxlanılması və vətəndaşların rifahının qorunması istiqamətində atılan addımlar cəmiyyətə arxayınlıq verir. Regionda gərginliyin artdığı bir dövrdə ölkə daxilində sabitliyin qorunması həm düzgün siyasi kursun, həm də düşünülmüş təhlükəsizlik strategiyasının nəticəsidir. Sülh və sabitlik Azərbaycanın əsas dəyərlərindən biridir və bu istiqamətdə dövlət öz mövqeyini qətiyyətlə davam etdirir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov deyib ki, Azərbaycanın regionda sabitlik adasına çevrilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan müstəqil daxili və xarici siyasətin uğurudur:

 

“Ətrafımıza baxsaq görərik ki, cənubumuzda və şimalımızda müharibədir. Ermənistanda daxili gərginlik pik həddədir və xarici maraqların burada toxunması ölkənin ictimai-siyasi mühitini daha da gərginləşdirir. Azərbaycan isə  torpaqların işğalına son qoydurdu və həm işğaldan azad olunmuş əraziləri yenidən qurub bərpa edir, həm də bütün regionlarımuzda nəzərdə tutulan proqramlar icra olunur. O cümlədən dövlət özünün iqtisadi imkanları çərçivəsində əhalinin sosial vəziyyətinin yaxşılaşdılması istiqamətində müəyyən addımlar atır. Bu gün dünyada ən çox ehtiyac duyulan məsələ təhlükəsilziyin və sabitliyin qorunub saxlanılmasıdır. Dövlət başçımızın  balanslı siyasəti hətta bir-birnə düşmən ölkələrlə də starteji tərəfdaş olamağımıza yol açıb.  Bu gün Azərbaycan dünyanın ən güclü ölkələri olan ABŞ, ÇİN və Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. O cümlədən Avropa İttifaqına daxil 9 ölkə ilə eyni münasibətləri formalaşdıra bilmişik. Azərbaycan həm də Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında alternativsiz aktora çevrilib. Biz apardığımız siyasətimizlə həm təhlükəsizliyimizi təmin edirik, yaratdığmız dəhlizlərlə qitələr arasında təhlükəsiz əməkdaşlıq imkanları yaratmışıq, həm də ehtiyacı olan ölkələrə dəstək göstəririk və yardımlar edirik. Bir neçə gündür ki, İranda müharibə gedir. İranı tərk edən xarici vətəndaşlar ən təhlükəsiz ölkə kimi məhz Azərbaycanı seçirlər. Çünki regionda təhlükəsizliyin və sabitliyin yeganə ünvanı Azərbaycandır.  Bəli, dövlət başçımızın lidreliyi ilə biz sabitlik və təhlükəsilziyi qoruyub saxlayacağıq. Çünki bütün uğurların açarı məhz bu məsələnin üzərində formalaşır”.

 

Milli Məclisin deputatı Elman Nəsirovun sözlərinə görə, planetdə münaqişə, müharibə, siyasi və iqtisadi kataklizmlərin baş vermədiyi ölkə, məkan tapmaq müşkül məsələyə çevrilib:

 

“Xüsusilə, tarixən dünyanın "barıt çəlləyi" hesab edilən Yaxın Şərq bu gün, sözün həqiqi mənasında, yanır. Azərbaycana qonşu ölkə İran müharibə alovundadır. Bütün bu reallıqlar fonunda Azərbaycan dünyada sabitlik adası, təhlükəsizlik məkanıdır. Bunun səbəbi isə Azərbaycanda xalq-hakimiyyət birliyi, xalq-Prezindent vəhdətinin hökm sürməsidir. Xalq öz Prezidentini sevir və onun ətrafında monolit bir qüvvə kimi birləşib. Cənab Prezident İlham Əliyev də öz xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. O siyasət ki xalqımızı bəlalardan, faciələrdən hifz etsin və onun rifahının yüksəldilməsinə, təhlükəsizliyinin təmin edilməsinə yönəltsin. Bu siyasət uğurla həyata keçirilir və müəllifi cənab İlham Əliyevdir. Xüsusilə, Azərbaycan bu gün enerji təhlükəsizliyinin təminatı baxımından dünyada örnək ola biləcək dövlətdir. Bakıda sayca on ikinci Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirildi. Yaşıl enerji ilə bağlı nazirlərin sayca dördüncü görüşü baş tutdu. Bu görüşlər bir daha təsdiqlədi ki, Azərbaycan dinamik inkişaf tempinə malikdir, ən təhlükəsiz ölkədir, Avropanın, eləcə də dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı mövqeyə malikdir. Bu gün Azərbaycan təkcə ənənəvi enerji deyil, həm yaşıl enerjinin ixracatçısı kimi də böyük potensialını ortaya qoyub, həm də multikulturalizm məkanlarından birinə çevrilib. Yəni biz dünyaya təkcə neft, qaz, yaşıl enerji deyil, həm də multikultural dəyərləri ixrac edirik. Bu da dünyada çox böyük rəğbətlə qarşılanır. İndi ABŞ-İsrail-İran arasında müharibə ən dəhşətli fazadadır. Bu reallıqda Azərbaycan humanist dövlət olaraq beş yüzdən çox xarici ölkə vətəndaşının ölkə sərhədindən keçməklə öz vətəninə təhlükəsiz qayıdışını təmin edir, onları çay, su, şirniyyatla qarşılayır, Bakıya Hava Limanına qədər çatdırır. Bu gün ayrı-ayrı dövlətlərdən Azərbaycan dövlətinə, xalqına təşəkkürlər gəlir ki, Azərbaycan bu kritik məqamda da öz mövqeyini ifadə edib, özünəməxsus xeyirxahlıq ənənəsini şərəflə davam etdirir. Bütün bu səbəblərdən Azərbaycanın hazırda dünyada çox böyük nüfuzu, hörməti var və Cənab İlham Əliyev dünyada aparıcı liderlərdən biri kimi qəbul edilir. Fövqəl dövlətin Prezidenti Donald Tramp, başqa bir fövqəl dövlət - Çinin rəhbəri Si Cinpin Azərbaycan Prezidenti haqqında ən yüksək fikirlərini ifadə edib. Bütün bunlar göstərir ki, dövlətə ağıllı lider rəhbərlik edəndə o çox böyük nailiyyətlərə imza atır. Bu baxımdan Azərbaycan bugünkü dünyamız üçün bir nümunə, örnəkdir".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 5 Mart 2026, 13:13   
Seçilən
18
pravda.az

1Mənbələr