AZ

Samir Şərifov: Vergilər ictimai rifahın qorunması üçün etibarlı resurs bazasını yaratmalıdır

Bakı, 5 mart, AZƏRTAC

Büdcə fiskal siyasətində prioritetlərin düzgün müəyyən edilməsi, xərclərin səmərəliliyi və qeyri-neft gəlir mənbələrinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov deyib.

“Bu kontekstdə vergi siyasəti – vergiləri yalnız fiskal yığımların optimallaşdırılması aləti kimi deyil, daha çox iqtisadi davranışları formalaşdıran, investisiya qərarlarına təsir göstərən və sosial balansı təmin edən mühüm vasitə kimi mövqe tutmalıdır. Yəni vergilər və icbari sosial ödənişlər iqtisadi fəallığı boğmamamlı, əksinə onu mümkün dərəcədə təşviq etməli, eyni zamanda, sosial öhdəliklərin maliyyələşdirməsi və ictimai rifahın qorunması üçün etibarlı resurs bazasını yaratmalıdır. Bu balansın qorunması makroiqtisadi və makrofiskal idarəetmənin əsas elementlərindən birini təşkil edir”, - deyə Baş nazirin müavini qeyd edib.

Samir Şərifov vurğulayıb ki, iqtisadi inkişaf yalnız inzibati tənzimləmə ilə deyil, etimada əsaslanan münasibətlər sistemində mümkündür: “Proqnozlaşdırılabilən siyasət, aydın qaydalar və sabit yanaşma sahibkarlıq mühitinin əsas göstəricilərindəndir. Hökumətin məqsədi nəzarət funksiyasından tam imtina etmək və ya onu minimuma endirmək deyil, hədəf onu daha ağıllı, səmərəli və iqtisadi proseslərə uyğun formata çevirməkdir. Kölgə iqtisadiyyatının azaldılması da məhz bu çevik və institusional yanaşmanın nəticəsi olaraq qəbul edilməlidir”.

Foto – Azər İbrahimov

Seçilən
33
10
azertag.az

10Mənbələr