Bu gün dünyada gedən proseslər fonunda iqtisadi qərarların qəbulu əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxölçülü xarakter daşıyır.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin artması, geosiyasi risklər, enerji bazarlarında volatillik və maliyyə axınlarının dəyişkənliyi dövlətlər qarşısında yeni çağırışlar formalaşdırır: "Belə bir şəraitdə əsas məsələ qısamüddətli reaksiyalar vermək deyil, dayanıqlı və adaptiv iqtisadi idarəetmə modelini qurmaqdır. Azərbaycan məhz bu yanaşmaya üstünlük verir".
O qeyd edib ki, vergi sistemi dövlətin iqtisadi idarəetmə mexanizmlərinin əsas dayaqlarından biri olmaqla makroiqtisadi sabitliyin qorunmasında, fiskal dayanıqlığın təmin edilməsində və iqtisadi proseslərin balanslı şəkildə tənzimlənməsində mühüm rol oynayır: "Bu baxımdan vergi sisteminin gələcəyinə makrosəviyyədə baxmaq, onu ümumi iqtisadi strategiyanın tərkib hissəsi kimi dəyərləndirmək xüsusi əhəmiyyət kəsb edir".
"Cebheinfo.az"