AZ

Tanışını bacısı ilə münasibətlərindən şübhələnən şəxs ona xəsarət yetirdi – QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əbdül Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Şəmkir Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunub və ona 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.1-ci bəndinə əsasən Əbdül Bəşirov barəsində amnistiya tətbiq edilib və o, bu qərarla ona təyin olunmuş cəzadan azad olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.

 

İttihama görə, Əbdül Bəşirov 12 iyun 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində yerləşən çayxananın həyətində həmkəndlisi, zərərçəkmiş Uğur Yusifli (adı, soyadı şərtidir) ilə eyni stolda əyləşib. O, zərərçəkmiş şəxsin bacısı ilə qeyri-rəsmi münasibətdə olmasından şübhələnərək aqressivləşib. Bu zaman təqsirləndirilən şəxs həmin səbəbi açıq şəkildə bildirmədən küçədə ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib.

 

Hadisə zamanı küçədə olan çoxsaylı şəxslər təxminən 10-15 dəqiqə ərzində narahatlıq keçirib, əraziyə toplaşıb. Əbdül Bəşirov anidən çayxanaya aid dəmir və taxta konstruksiyalı oturacaq stulu silah qismində istifadə edərək Uğurun baş nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsə başın tüklü hissəsinin təpə nahiyəsində əzilmiş yara yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər kimi qiymətləndirilib. Bundan əlavə, Uğurun sol əlinin ikinci barmağında qançır qeydə alınıb ki, bu xəsarət sağlamlığa zərər vurmayan və ağırlıq dərəcəsi təyin edilməyən xəsarət hesab olunub.

 

Məhkəmə araşdırması zamanı sübutlar tədqiq edilib, tərəflərin ifadələri dinlənilib və əmələ hüquqi qiymət verilib.

 

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Əbdül Bəşirov silah qismində istifadə edilən əşyanın tətbiqi ilə qərəzli xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş və o, məhkəmə iclas zalında dərhal həbs olunmuşdu.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 5 Mart 2026, 10:40   
Seçilən
141
pravda.az

1Mənbələr