AZ

“Sahibkarlıq subyektləri üçün gənc bacarıqlarının səfərbər edilməsi” layihəsi uğurla yekunlaşdı » AzadMedia.az


“Sahibkarlıq subyektləri üçün gənc bacarıqlarının səfərbər edilməsi” layihəsi uğurla yekunlaşdı.
Bu münasibətlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında layihənin bağlanış mərasimi keçirilib. Tədbirdə tərəfdaş qurumların nümayəndələri, sahibkarlar və layihə iştirakçıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Radə Qafarova layihənin əsas məqsədinin gənclərin sahibkarlıq və biznes bacarıqları üzrə təlim və təcrübə proqramlarına cəlb olunması, onların şəxsi biznes təşəbbüslərinə başlamasına şərait yaradılması, eyni zamanda sahibkarlıq subyektlərinin insan resursları potensialının gücləndirilməsi və gənclərlə əməkdaşlığa təşviq edilməsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, layihə çərçivəsində 3 modullu təlim paketi təqdim edilib. “Sahibkarlığa giriş və biznes ideyasının formalaşdırılması”, “SWOT analizi və biznes planlaşdırma”, “Satış və marketinq strategiyaları” mövzularını əhatə edən təlimlər yüzdən çox gənci əhatə edib. Təlim mərhələsindən sonra iştirakçıların nəzəri biliklərini praktik mühitdə möhkəmləndirməsi məqsədilə 50 nəfər gənc Ağcabədi rayonunda fəaliyyət göstərən real sahibkarlıq subyektlərinə səfər edib və təcrübə proqramlarında iştirak edib.
Layihə çərçivəsində 40-dan çox sahibkarlıq subyekti ilə əlaqə yaradılıb, onlar müxtəlif formatlarda – dəyirmi masa görüşlərində, sorğularda və əməkdaşlıq müzakirələrində iştirak ediblər. Kooperativ və sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilən dəyirmi masada layihənin məqsədləri, insan resursları sahəsində mövcud çağırışlar və əməkdaşlıq imkanları geniş müzakirə olunub. Sahibkarlar öz ehtiyaclarını bölüşüb, gənclərlə birbaşa əməkdaşlıq mexanizmləri üzərində fikir mübadiləsi aparılıb.
Gənclərin məşğulluğa və startap fəaliyyətinə təşviqi məqsədilə 19 biznes plan praktik icra mərhələsinə keçirilib və həmin gənclər artıq ilkin sahibkarlıq fəaliyyətinə başlayıblar. Layihə çərçivəsində onlara həm metodiki, həm də istiqamətləndirici dəstək göstərilib.
Eyni zamanda “Gənclərlə Bizneslər Görüşür” adlı yarmarka təşkil olunub. Yarmarkada fəaliyyət göstərən sahibkarlar öz müəssisələrini tanıdıb, mövcud vakansiyalar və əməkdaşlıq imkanları barədə məlumat verib, gənclərlə birbaşa ünsiyyət və ilkin müsahibələr aparıblar. Bununla yanaşı, sahibkarlıq fəaliyyətinə başlayan gənclərin məhsul və xidmətləri nümayiş etdirilib, satış imkanları təqdim olunub və beləliklə tədbir həm məşğulluq, həm də sahibkarlıq təşviqi platformasına çevrilib.
Layihədə məcburi köçkün gənclər də fəal iştirak edib. Vurğulanıb ki, bu gənclər qayıdış prosesində olan ərazilərdə sahibkarlıq düşüncəsinin və iqtisadi fəallığın formalaşmasına real töhfə verə biləcək potensiala malikdirlər.
Tədbirdə ADPU Ağcabədi filialının direktor müavini Mahir Səlimov, Nəcaf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbinin direktoru Fərrux Rəhimli, Ağcabədi Hədəf kursları MMC-nın rəhbəri Zakir Qasımov və “Atena” MMC-nin əməkdaşı Pərviz Hüseynov çıxış edərək layihənin region üçün əhəmiyyətindən danışıblar və gənclərlə sahibkarlar arasında qurulan əməkdaşlıq modelinin davamlılığının vacibliyini qeyd ediblər. Vurğulanıb ki, layihə altı ay ərzində regionda gənclərlə sahibkarlıq subyektləri arasında dayanıqlı əməkdaşlıq platformasının formalaşmasına, yeni biznes təşəbbüslərinin yaranmasına və insan resursları potensialının gücləndirilməsinə mühüm töhfə verib.
Sonda yüzdən çox gənc layihəni uğurla başa vurduğuna görə sertifikatlarla təltif edilib.
Qeyd edək ki, "Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı" layihəsinin həyata keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsi çərçivəsində qrant ayrılıb.
Seçilən
138
1
azadmedia.az

2Mənbələr