Ailə üzvləri kimi ər-arvad arasında yaranan, xüsusən də uşaqların mənafeyi ilə bağlı olan işlərin vaxtında düzgün icrası gender bərabərliyinin təminatında mühüm istiqamətlərdən biridir. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə fəaliyyət daim diqqət mərkəzində saxlanılır. Aliment, uşaqla ünsiyyət, uşağın qaytarılması, məişət zorakılığında mühafizə ilə bağlı işlərin icrasına prioritet münasibət göstərilir.
AZƏRTAC xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O qeyd edib ki, xüsusilə aliment ilə bağlı icraatda olan işlərin sayı ilbəil 10 faiz və bu işlərin sayı son 5 il ərzində 10 minədək artıb. Həmçinin 2025-ci ildə icraatda 141 min aliment işi olub. “Bununla belə aliment işlərinin icra edilməməsi halları aşağı faiz təşkil edir və mən xüsusilə diqqətə çatdırmaq istərdim ki, aliment işlərinin icrasında yaranan çətinliklər bəzən müəyyən vəsaitlərin olmaması, şəxslərin yaşayış yerlərini, iş yerlərinin tez-tez dəyişməsi ilə bağlı olur və nazirlik tərəfindən bununla bağlı mütəmadi tədbirlər görülür. Bu il aliment ödəməkdən yayınan 4299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Onlardan 3083 protokol üzrə məhkəmələr tərəfindən inzibati tənbeh, 2344 nəfər isə inzibati qaydada həbs edilib. Aliment ödəməkdən yayınan şəxslər barəsində müəyyən cinayət hüquqi xarakterli tədbirlər də görülüb”, - deyə nazir müavini əlavə edib.