Gender bərabərliyi məsələsinə nəzarətin gücləndirilməsi məqsədilə Elm və Təhsil Nazirliyində gender məsələləri üzrə məsul şəxs təyin olunub. Nazirliyin strateji planında bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub və icrası təmin edilir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O qeyd edib ki, təhsilin bütün pillələrində gender bərabərliyinə xüsusi diqqət yetirilir və bu sahədə balanslaşdırılmış yanaşma tətbiq olunur. “Beynəlxalq təşkilatlar tərəfindən bütün dünyada bu sahə üzrə mövcud maneələr müəyyən edilib, onların aradan qaldırılması üçün əsas istiqamətlər və tədbirlər planı hazırlanıb. Bu istiqamətdə artıq mühüm və uğurlu addımlar atılıb. Təhsil proqramlarında və dərsliklərdə ayrı-seçkiliyin qarşısının alınması məqsədilə müvafiq işlər görülür. Bu yanaşma cəmiyyətin dayanıqlı inkişafına töhfə verir”,- deyə nazir müavini vurğulayıb.