AZ

İranda Ali Lider vəzifəsinə namizədlər müəyyənləşib – Ekspertlər Şurasının üzvü

İranda Ali Lider vəzifəsinə namizədlər müəyyənləşib.

Trend-in məlumatına görə, bunu İranın Ekspertlər Şurasının üzvü Seyid Əhməd Xatəmi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, Ekspertlər Şurasının üzvlərinin Ali Lider üçün rəyləri öyrənilib və şura seçimə yaxındır.

Xatəmi bildirib ki, hazırda müharibə şəraitində qanuni prosedur davam edir və uyğun zamanda Ali Lider seçiləcək.

“Qarşı tərəfin iki əsas məqsədi var idi. Birincisi Ali Lideri vurmaq və təəssüf ki, bunu həyata keçirdi. İkinci məqsəd isə Ekspertlər Şurasını vurmaqdır. Buna əsasən addımlar tədbirli şəkildə atılır”, - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Seçilən
7
1
qaziler.az

10Mənbələr