Bakı, 4 mart, AZƏRTAC
2025-ci ildə məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi ilə bağlı 2, psixi zorakılıqla bağlı 4 inzibati xəta qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər nazirinin müavini İsmət Əliyev parlamentdə keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, Azərbaycanda bərabərlik hüququnu pozma ilə bağlı heç bir cinayət baş verməyib. Bütövlükdə, qadınların hüquqlarının təmin edilməsi, onlara qarşı törədilmiş cinayətlərin açılması, zorakılıqların profilaktikası, istənilən formada təzahür edən ayrı-seçkiliyin aradan qaldırılması, daxil işlər orqanlarının əsas vəzifələrindən olmaqla müvafiq istiqamətdə fəaliyyət planlı şəkildə davam etdirilməkdədir.
Qadınların təqsirləndirilən və ya zərər çəkmiş qismində tanındıqları bütün cinayət işlərinin, o cümlədən materialların təhlili əsasında onları cinayətə təhrik edən amillərin öyrənilməsi, aidiyyəti orqan və təşkilatlara vəsatətlərin verilməsi təmin edilib, ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 8 min 889 hüquqazidd əməlin qarşısı alınıb.
Fotoqraf - Aydın Məmmədov