AZ

Pişik Günel: “1500 manata efirə çıxıb…” - MÜSAHİBƏ

Azərbaycanın bir qrup müğənnisinə efirə çıxmaqla bağlı qadağa qoyulduğu iddia olunur. Məqsəd isə televiziyalarda bayağı verilişlərin sayını azaltmaq, bəzi hallarda isə onları tamamilə bağlamaqdır. 

Teleməkana buraxılmamasına qərar verilən müğənnilərdən birinin də “Pişik Günel” ləqəbilə tanınan müğənni Günel Ələkbərovanın olduğu bildirilir.  

O, “Yeni Sabah”a müsahibəsində bununla bağlı sualları cavablandırıb:

- Günel xanım, sizə efir qadağası qoyulduğu deyilir. Bu xəbəri necə qarşıladınız?

- Vallah, mənim belə bir qadağadan xəbərim yoxdur. Heç buna inanmıram da. Ola bilməz. 

– Sizcə, bu siyahı realdır?

– Qətiyyən! Mənim adım niyə o siyahıda olsun ki?! Əgər söhbət bayağı mahnılar oxuyanlardan gedirsə, mən, ümumiyyətlə, bayağı mahnı oxumuram. Mən bəstəkar mahnıları ifa edirəm. Məsələn, Eldar Mansurovdan, rəhmətlik Nailə Mirməmmədli, Hikmət Mirməmmədlidən sanballı, bəstəkar mahnıları oxuyuram.

Bir də axı efirə tez-tez çıxmıram ki, mənə da qadağa qoysunlar. Çıxdığım bir-iki veriliş vardı, onlar da dostlarımın verilişləridir. 

- Efirə niyə çıxmırdınız ki?

- Son zamanlar efirlər bazar səviyyəsinə düşdüyü üçün bir çox müğənnilər kimi mən də çıxmırdım. Bizim dövrün nəsli olan müğənnilərin çoxu onsuz da televiziyalara getmir, bəziləri çox nadir hallarda mavi ekranda görünürdü. Hamı da bilir ki, mən hər verilişə getmirəm, dəvət alsam belə, imtina edirəm. Ona görə də mənim adımın o siyahıda olmasına inanmıram. 

- Bəs sizcə, niyə sizin adınızı hallandırırlar? 

- Bilmirəm. Bəlkə, hansısa verilişdə hər hansı suala səmimi cavab verməyimdən irəli gəlir.  Bu, normaldır, çünki mən süni, “yapmacıq” insan deyiləm. Aparıcı sual verib, mən də cavablandırmışam. 

Bilirsiniz, mənim üçün fərqi yoxdur efirə çıxım ya çıxmayım. Amma haqsızlıqdır. Bir çox müğənnilərə qarşı ədalətsizlikdir. Eyni şəkildə bəzi aparıcılara qarşı da haqsızlıq oldu. Qərarı verən insanlar bunu düşünməlidirlər. Mən inanmıram ki, qadağa qoyulan müğənnilər siyahısındayam. Düşünürəm ki, bu sadəcə maraq üçün yazılıb. Çünki şou-biznes nümayəndələri diqqət çəkir, oxunur. “Pişik Günel” adı isə xüsusi diqqət çəkir və oxucuları cəlb edir. Amma vicdanlı olmaq lazımdır. Qurunun oduna yaşı da yandırmaq düzgün deyil. Yaxşı ilə pisi bir tutmasınlar. Əgər siyahı realdırsa, görək bundan sonra verilişlər nə edəcəklər. Çünki müğənnilər olmasa, veriliş reytinq qazanmayacaq.  Yəqin ki, telekanalın rəhbərləri özləri verilişlərə qonaq kimi çıxacaqlar.

- Qadağa siyahısında adları olan həmkarlarınız barədə nə düşünürsünüz?

- Fikrimcə, siyahı ədalətli deyil. Əgər müğənnilərə qadağa qoyurlarsa, lazım olanı da, lazımsızı da bir yerə qatırlarsa, onda görəsən verilişlərə kim çıxacaq? Kim baxacaq o proqramlara? Reytinqlər də düşəcək. Mən bunu keçən dəfə sosial şəbəkədə canlı yayımda da demişdim. Problem belə həll olunmur. Bu, düzgün deyil, müğənnilərə qadağa qoymaq çıxış yolu sayılmamalıdır. Aparıcıların verilişlərini bağlamaq da çıxış yolu kimi görünmür. 

- Verilişlərin bağlanmasını da haqsızlıq hesab edirsiniz?

- Bəli. Çünki bəzi aparıcıların verilişləri bağlandı, qadağa ancaq bir neçə nəfərə şamil olundu. Məsələn, Tolikin, Elgizin, Kazım Sübhanın verilişləri bağlandı. Amma əsas problemin qaynaqlandığı şou verilişlər bağlanmadı. Bu da aparıcılara qarşı haqsızlıqdır. Qadağa qoymaqla problem həll olunmur. Ümumiyyətlə, Elgizin verilişi niyə bağlandı anlamadım. Elgiz Əkbər digərlərinin badına getdi.

- Bəs efirlərin bazara çevrilməsinin qarşısı necə alına bilər? Nə təklif edirsiniz?

- O gün İTV-də də bu mövzu müzakirə olunurdu. Murad Arif, teleaparıcı Rövşanə Ağasəfqızı və digər qonaqlar da iştirak edirdilər. Mən demişdim ki, bəzi özəl kanallar dövlət tərəfindən maliyyələşdirilməlidir. Çünki maliyyələşmə olmadıqda kanallar elə vəziyyətə düşür ki, efirə çıxmaq istəyən, əlinə mikrofon alıb oxuyan adamların puluna möhtac qalırlar. Onları çağırırlar, 1500-2000 manat alırlar və onları söz azadlığı verirlər ki, nə istəyirsən danış. Beləliklə, şou-biznes şou-bazara çevrilir. Məsələn, Xəzər TV-də Murad Dadaşov kimi rəhbər var, o işini bilir. Kanalda o cür bazar verilişləri yoxdur. Çünki rəhbər işini bilir, səviyyəni qoruyur. Digər kanallarda isə səhər saat 9-dan gecəyə qədər hər verilişdə qonaq olaraq müğənnilər var, hətta sosial verilişlərdə belə qonaq kimi müğənni oturur.

- Bu maliyyələşmə mexanizmi tətbiq olunsa, efirlərin durumu düzələcəkmi?

- Əgər dövlət tərəfindən bəzi kanallar maliyyələşdirilsə, səviyyəli, intellektual verilişlər hazırlanar, maraqlı yarışmalar olar, xarici təcrübədən də müəyyən şeylər götürülər. O zaman sponsor da gələr, səviyyəli müğənni də efirə çıxar. Yoxsa indiki vəziyyətdə bütün məsuliyyəti müğənnilərin üzərinə atmaq düzgün deyil. Bir də Audio-vizual Şura var. Amma niyə var bilinmir. Təsəvvür edin, efirdə bu mövzu müzakirə olunur, amma şuranın nümayəndələri efirə çıxmır.

Mən efirə çıxanda “uje” sözünü işlətdiyimə görə mənə 3 dəfə xəbərdarlıq olunub ki, belə söz işlətməyin. Amma bəzi ekspertlər efirdə hər şeyi deyir. Yəni bu təkcə aparıcının və ya müğənninin problemi deyil. Kanal rəhbərləri də məsuliyyət daşıyır. Çünki reytinq pul deməkdir, sponsor deməkdir.

 2003-cü ildən peşəkar səhnədəyəm. Bəstəkar mahnıları ifa edirəm və Azərbaycanı dəfələrlə xarici ölkələrdə təmsil etmişəm. Bunlar hamısı “YouTube”da var. 2011-ci ildə 33 türkdilli xalqın nümayəndələrinin qatıldığı “TÜRKSOY” müsabiqəsində ilk dəfə iştirak edən müğənni olmuşam və birincilik qazanmışam. “38-ci Beynəlxalq Silifke Mədəniyyət Həftəsi” çərçivəsində final konsertində Azərbaycanı üç müğənni təmsil edirdi, onlardan biri mən idim, digərləri isə Nurlan Əzizbəyli və Cəlal Abbasov.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
114
yenisabah.az

1Mənbələr