AZ

Azərbaycanın Enerji Siyasəti: Təhlükəsizlik, Şaxələndirmə və Yaşıl Enerji Strategiyası



Martın 3-də keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın enerji strategiyasının uğurlu davamının və artan beynəlxalq nüfuzunun bariz göstəricisi oldu. Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Bu geniş təmsilçilik beynəlxalq ictimaiyyətin Azərbaycanın enerji təşəbbüslərinə və əməkdaşlıq platformasına göstərdiyi yüksək marağın və etimadın açıq ifadəsidir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb ki, “Məhz birlikdə toplaşmağın və enerji təhlükəsizliyinə dair mühüm məsələləri müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq.” Bu fikir mövcud qlobal reallıqlar fonunda çoxtərəfli əməkdaşlığın əhəmiyyətini bir daha ön plana çıxarır və enerji təhlükəsizliyi məsələlərində dialoq və koordinasiyanın vacibliyini təsdiqləyir.
Prezident çıxışında qaz təchizatının şaxələndirilməsi məsələsinə xüsusi toxunaraq bildirib: “Qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətinlikləri anlayırıq. Lakin, eyni zamanda, istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir.”

Bu fikirlər Azərbaycanın enerji siyasətində balanslı və qarşılıqlı faydaya əsaslanan yanaşmanın əsas prinsip olduğunu göstərir. Şaxələndirmə həm istehlakçı ölkələrin enerji təhlükəsizliyini möhkəmləndirir, həm də istehsalçı kimi Azərbaycanın bazar imkanlarını genişləndirir. Bu yanaşma təkcə iqtisadi deyil, həm də sosial və humanitar məzmun daşıyır. Enerji təminatı birbaşa olaraq əhalinin rifahına, sənayenin dayanıqlı fəaliyyətinə və regionda sabitliyə xidmət edir.
Prezident İlham Əliyev həmçinin enerji siyasətində balanslı yanaşmanın, qazıntı yanacağı və bərpaolunan enerji mənbələrinin vəhdətinin əhəmiyyətini qeyd edib: “Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik. Heç birimiz iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Yeri gəlmişkən, burada Xəzər dənizinin ildən-ilə dayazlaşdığını görə bilərsiniz. Lakin, eyni zamanda, biz bu məsələyə ideologiya nöqteyi-nəzərindən deyil, praqmatizm, realizm nöqteyi-nəzərindən yanaşmalıyıq. Beləliklə, qazıntı yanacağının və bərpaolunan enerji mənbələrinin vəhdəti, xüsusilə də Azərbaycan kimi ölkələrin səylərinin yüksək qiymətləndirilməsi, - ölkənin öz qaz ehtiyatlarının 100 il üçün kifayət edə biləcəyi halda bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırması, - hesab edirəm ki, iş məhz belə aparılmalıdır. Əminəm ki, bütün bu məsələlər bugünkü tədbirdə müzakirə olunacaq və biz yaxşı həll yolları tapacağıq.”

Bu fikirlər göstərir ki, Azərbaycan enerji siyasətində həm qısa, həm də uzunmüddətli məqsədləri balanslaşdırır: qaz təchizatı ilə regional enerji təhlükəsizliyini təmin edərkən, bərpaolunan enerji layihələrinə sərmayə yatıraraq iqlim və ekoloji məsuliyyəti də nəzərə alır. Praqmatik yanaşma bu ölkənin enerji resurslarından səmərəli istifadə etməsinə və həm iqtisadi, həm də ekoloji dayanıqlılığa xidmət edir.

Bütün bu yanaşmaların nəticəsi olaraq, Azərbaycan yalnız qazıntı yanacağı sahəsində deyil, yaşıl enerji istiqamətində də mühüm addımlar atır. Ölkəmiz bərpaolunan enerji mənbələrinin inkişafı və enerji keçidinin sürətləndirilməsi istiqamətində fəal siyasət həyata keçirir. Yaşıl enerji layihələri Azərbaycanın uzunmüddətli enerji strategiyasının mühüm tərkib hissəsinə çevrilib.

Bütün bu nailiyyətlərin əsasında Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti dayanır. Azərbaycanın enerji diplomatiyası bu gün beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və regional sabitliyin güclənməsinə mühüm töhfə verir. Martın 3-də keçirilən Məşvərət Şurası iclası bir daha təsdiq etdi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş və təşəbbüskar ölkə kimi mövqeyini daha da möhkəmləndirir.



Seçilən
9
aia.az

1Mənbələr