“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda əsas anlayışların sırasının artırılmasına ehtiyac var.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitədə keçirilən “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.
Komitə sədri bildirib ki, “gender stereotipləri”, “genderə həssas büdcə”, “gender monitorinqi və ya gender ekspertizası”, “gender statistikası” və “gender bərabərliyinin təmin edilməsi üçün xüsusi tədbirlər” anlayışlarının Qanuna əlavə olunması bütövlükdə qanunun mahiyyətini müəyyən edi və onun əhatə dairəsini genişləndirir.
Millət vəkili vurğulayıb ki, Azərbaycanda mühüm qanunlar, lakin bir çox hallarda bu qanunların icra mexanizmi ya mövcud deyil, ya da əsaslı olmur və ya mövcud mexanizm tətbiq edilmir.
“Gender bərabərliyinin təmin edilməsi, nəzarətin həyata keçirilməsi məsələsi də çox aktualdır. Qanunda gender bərabərliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi qeyd olunur, lakin burada nəzarət mexanizmi yoxdur. Bununla bağlı Dövlət Komitəsinin səlahiyyətlərinin artırılmasını təklif edirik. Və əlbəttə ki, icra mexanizmi ilə əlaqədar olaraq bəzi maddələrin əlavə olunmasına ehtiyac var”, - deyə o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanuna əsasən, gender bərabərliyinin təmin edilməsinə nəzarəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirir.