BAKI, 4 mart. TELEQRAF
Yaxın Şərqdə baş verən son hadisələr fonunda təhlükəsizlik məqsədilə İrandan keçməklə həyata keçirilən Bakı–Naxçıvan–Bakı avtobus reyslərinin fəaliyyətinin dayandırılmasından sonra bu marşrut üzrə bilet alan vətəndaşlar ödənişlərinin tam məbləğdə geri qaytarılmamasından şikayət edirlər.
Teleqraf xəbər verir ki, vətəndaşlar biletləri 30,43 manata alsalar da, onlara geri qaytarılan məbləğ 22,82 manat təşkil edir.
“Gediş və qayıdış iki biletə 60,86 manat ödəniş etmişəm. Bileti geri qaytaranda 45,64 manat ödəniş etdilər. Əgər biletdən öz istəyimlə imtina etməmişəmsə, niyə məndən pul tutulmalıdır?” – deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Teleqraf-a bildirilib ki, sərnişinlərə biletləri səfər tarixində geri qaytarmaq tövsiyə olunub:
“Sərnişinlərə məlumat vermişik ki, biletləri aldıqları tarixdə geri qaytarsınlar. Biletlər əvvəlcədən qaytarıldıqda müəyyən faiz tutulur”.
O ki qaldı Bakı–Naxçıvan–Bakı avtobus reyslərinin nə zaman bərpa ediləcəyinə qurumdan qeyd edildi ki, bu məsələ Bakı Beynəlxalq Avtovağzal Kompleksinin səlahiyyətinə daxil deyil.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəsmi veb-saytında yer alan məlumata əsasən, sərnişin bileti şəhərlərarası (rayonlararası) müntəzəm marşrut avtobusunun yola düşməsinə ən azı 2 saat qalmış avtovağzalın (avtostansiyanın) kassalarına qaytardıqda, əvvəlcədən satışa görə komisyon haqqı çıxılmaqla gediş haqqı sərnişinə qaytarılır. Bilet həmin müddətdən tez, lakin avtobusun yola düşməsinə 15 dəqiqədən çox qalmış vaxt ərzində qaytarıldıqda isə onun dəyərinin 15 faizi və əvvəlcədən satışa görə komisyon haqqı çıxılmaqla ödənilmiş məbləğ sərnişinə qaytarılır.