AZ

“Qərbi Azərbaycan: danışan izlərin işığında” kitabının təqdimatı keçirildi - FOTOLAR

Ötən gün Prezident Kitabxanasında tanınmış dilçi alim, şair-publisist, professor Mahirə Hüseynovanın (Nağıqızı) “Qərbi Azərbaycan: danışan izlərin işığında” kitabının təqdimatı və “O səməndər mənəm, küldən yarandım” adlı ədəbi-bədii görüşü keçirilib.


Manset.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova müəllifin elmi və bədii yaradıcılığından bəhs edərək, yeni nəşrin Qərbi Azərbaycanın tarixi həqiqətlərinin və mədəni irsinin təbliğindəki əhəmiyyətini vurğulayıb.

O bildirib ki, professor M. Hüseynova bir dilçi alim kimi, Qərbi Azərbaycanın qədim türk mənşəli kənd, dağ və çay adlarının əsl etimologiyasını elmi faktlarla sübut edərək, erməni saxtakarlığını ifşa edib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Fazil Mustafa, Mehriban Vəliyeva, tarix üzrə fəlsəfə doktoru, AMEA -nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri Cəbi Bəhramov, Azərbaycan Ədəbiyyat Fondunun direktoru Varis Yolçiyev, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli, professor, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri İbrahim Bayramov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Təmraz Tağıyev professor Mahirə Hüseynovanın həm bir alim, həm də bir ziyalı kimi fəaliyyətini yüksək qiymətləndiriblər. Həmçinin nəşrin onomastik yaddaş və toponimlər üzərində qurulan elmi ağırlığına diqqət çəkiblər. Natiqlər kitabın həm elmi faktlarla zənginliyini, həm də Mahirə xanımın şair-publisist ruhundan süzülən bədii təsvirlərin – vətən həsrəti və torpaq nisgilinin oxucuya necə təsirli şəkildə ötürüldüyünü xüsusi olaraq qeyd ediblər.

Daha sonra kitabın müəllifi professor M.Hüseynova tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib. O, kitabın ərsəyə gəlmə prosesindən danışarkən qeyd edib ki, bu nəşr sadəcə elmi tədqiqat deyil, illərdir saxtalaşdırma cəhdlərinə məruz qalan milli yaddaşımızın bərpasına və doğma yurd yerlərimizə mənəvi borcun qaytarılmasına xidmət edən bir vətəndaşlıq nümunəsidir.

Tədbirin rəsmi hissəsindən sonra proqram Mahirə Nağıqızının zəngin bədii yaradıcılığına həsr olunmuş ədəbi-musiqili kompozisiya ilə davam edib. İncəsənət ədəbiyyatı zalında baş tutan bu hissədə müəllifin vətən həsrəti, torpaq sevgisi və milli ruhda qələmə aldığı şeirləri səsləndirilib. Görüşün bədii tərtibatına Xalq artisti Gülyanaq Məmmədovanın, Əməkdar artist Gülüstan Əliyevanın ifaları xüsusi rəng qatıb. Onların ifasında məhz Mahirə Nağıqızının sözlərinə bəstələnmiş mahnıların səsləndirilməsi iştirakçılarda yüksək emosional ovqat yaradıb.

Tədbir professor Afət Abbasovanın yekun nitqi ilə başa çatıb.

Seçilən
0
3
manset.az

5Mənbələr