AZ

Enerji təhlükəsizliyi və strateji tərəfdaşlığın yeni mərhələsi

Bakıda keçirilən Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası bir daha göstərdi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm və etibarlı tərəfdaşdır. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin enerji strategiyasının əsas istiqamətlərini, əldə olunmuş nəticələri və qarşıda duran vəzifələri geniş şəkildə diqqətə çatdırdı.

Dövlət başçısı vurğuladı ki, Cənubi Qaz Dəhlizi XXI əsrin ən iri enerji layihələrindən biridir və bu təşəbbüs Azərbaycanın siyasi iradəsi, maliyyə imkanları və beynəlxalq tərəfdaşlarla qurduğu etibarlı əməkdaşlıq nəticəsində reallığa çevrilmişdir. Bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır. Çünki Cənubi Qaz Dəhlizi Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır, enerji təhlükəsizliyinə töhfə verir və istehlakçı ölkələrin alternativ mənbələrə çıxışını təmin edir.

Azərbaycan öz öhdəliklərinə hər zaman sadiq qalıb və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verməkdə davam edir. Xüsusilə son illərdə Avropada enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın qaz ixracının artırılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və uzunmüddətli müqavilələrin imzalanması ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.

Cənubi Qaz Dəhlizi təkcə qaz nəqli sistemi deyil, həm də çoxşaxəli beynəlxalq əməkdaşlıq platformasıdır. Layihədə iştirak edən ölkələr arasında qarşılıqlı etimad və siyasi dialoq mövcuddur. Bu platforma həm enerji, həm də iqtisadi və siyasi münasibətlərin inkişafı baxımından mühüm rol oynayır.

Prezident İlham Əliyev çıxışında enerji strategiyasının gələcək istiqamətlərinə də toxundu. O, qeyd etdi ki, Azərbaycan qaz hasilatının artırılması istiqamətində yeni yataqların işlənməsi və mövcud infrastrukturun genişləndirilməsi üzərində çalışır. Bununla yanaşı, ölkəmiz yaşıl enerji sahəsində də iddialı planlara malikdir. Bərpa olunan enerji mənbələrinin inkişafı, Xəzər dənizinin külək potensialından istifadə və "yaşıl enerji dəhlizi"nin yaradılması kimi təşəbbüslər Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlandığını göstərir.

Cənubi Qaz Dəhlizi layihəsi Azərbaycanın milli maraqlarına xidmət etməklə yanaşı, regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə də töhfə verir. Bu layihə ölkəmizin beynəlxalq nüfuzunu artırmış, onu Avrasiyanın enerji xəritəsində aparıcı mövqeyə çıxarmışdır. Prezident İlham Əliyevin çıxışı bir daha təsdiqlədi ki, Azərbaycan enerji siyasətini strateji baxış, praqmatik yanaşma və qarşılıqlı fayda prinsipləri əsasında həyata keçirir.

Bakıda keçirilən Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının iclası və Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolunu daha da möhkəmləndirdi. Ölkəmiz həm ənənəvi enerji resursları, həm də yaşıl enerji sahəsində təşəbbüskar və etibarlı tərəfdaş kimi mövqeyini qoruyur və gələcək illərdə bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək əzmindədir.

Əminə Ağazadə 
Milli Məclisin deputatı
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
3
olaylar.az

4Mənbələr