AZ

Türkiyə İrana qarşı mümkün addımlara hazırlaşır

The National Interest: Ankara münaqişəyə qoşulmasa da, sərhədlərdə təhlükəsizlik risklərini diqqətlə izləyir...

Poliqon xəbər verir ki, The National Interest nəşrinin məlumatına görə, Türkiyə İran ətrafında artan gərginlik fonunda hələlik münaqişəyə birbaşa qoşulmur, lakin mümkün təhlükəsizlik ssenarilərinə hazırlaşır.

Məlumata görə, Ankara İranda yaşayan böyük kürd əhalisini ölkənin daxili sabitliyi üçün potensial risk kimi qiymətləndirir. ABŞ və İsrailin Tehrana endirdiyi zərbələrdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun hökuməti münaqişəyə qatılmaqdan çəkinir. Rəsmi Ankara İranın ali lideri Əli Xameneinin ölümü ilə bağlı başsağlığı ifadə edib və regionda gərginliyin azaldılmasına çağırıb.

Bununla yanaşı, prezident Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidan regiondakı vəziyyəti diqqətlə izləyir. Xüsusilə ölkənin şərq sərhədlərində təhlükəsizlik məsələləri və mümkün miqrasiya təzyiqi əsas diqqət mərkəzindədir.

Nəşrin yazdığına görə, Türkiyənin mümkün sərhədyanı əməliyyatlara başlama ehtimalı əsasən İranda kürd silahlı qruplarının güclənməsi ilə bağlı ola bilər. Xüsusilə PJAK təşkilatının fəallaşması Ankara üçün təhlükə kimi qiymətləndirilir.

Ekspertlər bildirirlər ki, Türkiyənin Suriyada və İraqın şimalında həyata keçirdiyi hərbi əməliyyatların təcrübəsi göstərir ki, Ankara lazım gələrsə sərhəd boyunca təhlükəsizlik məqsədilə “bufer zona” yaratmağa cəhd edə bilər.

Analitiklərin fikrincə, Türkiyə hazırda ehtiyatlı siyasət yürüdür və eyni zamanda ən pis ssenariyə hazırlaşır. Bu çərçivədə kəşfiyyat fəaliyyəti gücləndirilir, kürd təşkilatlarının fəaliyyəti daha yaxından izlənilir və müttəfiqlərlə koordinasiya aparılır.

Bununla belə, Türkiyədə daxili siyasi faktorlar və seçki prosesləri prezident Ərdoğanı hələlik birbaşa hərbi müdaxilə qərarı verməkdən çəkindirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr