AZ

Əyilməz iradədən ədalətin təntənəsinə: Güclü dövlət, sarsılmaz xalq

Müasir Azərbaycan tarixi bir-birini tamamlayan üç fundamental dayağın üzərində yüksəlir: güclü dövlət, əyilməz xalq ruhu və bərpa olunmuş ədalət. Bu uzunmüddətli siyasi baxışın, milli iradənin və məqsədyönlü liderliyin nəticəsidir. Azərbaycan bu gün təkcə regionun deyil, beynəlxalq sistemin real güc subyektidir və bu reallığın arxasında konkret siyasi iradə, ardıcıl fəaliyyət və milli həmrəylik dayanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Kəramət Qənbərov söyləyib.

Güclü dövlətçilik və lider iradəsi: Azərbaycanın dönüş nöqtəsi

O bildirib ki, güclü Azərbaycan anlayışı bu gün yalnız siyasi ritorika deyil, real güc balansına, institusional dayanıqlığa və beynəlxalq nüfuza əsaslanan obyektiv reallıqdır. Prezident İlham Əliyevin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söylədiyi “Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin” fikri müasir dövlətçiliyimizin qısa, lakin son dərəcə dəqiq ifadəsidir. Bugünkü Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. O illərdə dövlət institutları zəif, siyasi mühit qeyri-sabit, iqtisadiyyat iflic vəziyyətində idi. Ordu sistemsiz, diplomatik mövqelər qeyri-müəyyən, beynəlxalq müstəvidə isə Azərbaycan daha çox təsir obyektinə çevrilmişdi. Dövlətin özünü müdafiə etmək imkanları məhdud idi.

Bu gün isə tamamilə fərqli bir mənzərə var. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhkəm dövlətçilik modeli qurub. Güclü icra hakimiyyəti, işlək idarəetmə mexanizmləri, sabit siyasi sistem və aydın strateji kurs ölkəni daxili və xarici risklərdən qoruyan əsas sütunlara çevrilib. Qərarvermə prosesi çevik və qətiyyətlidir; bu da istənilən təhlükəyə operativ və adekvat cavab verməyə imkan verir. Xüsusilə vurğulanmalıdır ki, bu güc yalnız hərbi sahədə deyil. İqtisadi müstəqillik, enerji resursları üzərində tam suveren nəzarət, iri regional və qlobal layihələrdə aparıcı rol, maliyyə sabitliyi Azərbaycanın xarici təzyiqlərə qarşı dayanıqlığını təmin edir. Güclü iqtisadiyyat güclü ordunu, güclü diplomatiyanı və güclü sosial dövləti mümkün edir. Asılı dövlətlər diktə olunan qaydalarla yaşayır, müstəqil dövlət isə qaydaları özü müəyyən edir.

Mənəvi qələbədən hüquqi nəticəyə gedən yol

“Azərbaycanın gücü təkcə institutlarda və silahda deyil, xalqın əyilməz ruhundadır. Bu ruhun ən ağrılı, eyni zamanda, ən möhtəşəm təcəssümü Xocalı faciəsi fonunda formalaşdı. Xocalı soyqırımı XX əsrin ən qanlı və amansız cinayətlərindən biri idi. Məqsəd yalnız insanları fiziki olaraq məhv etmək deyildi, həm də xalqın iradəsini sındırmaq, onu qorxu və ümidsizlik içində yaşatmaq idi. Lakin bu niyyət baş tutmadı. Otuz il ərzində ədalətsizliklə üzləşən Azərbaycan xalqı öz mənliyini, ləyaqətini və inamını qoruyub saxladı. Ağrı unutqanlığa çevrilmədi, əksinə milli yaddaşın və milli mübarizə iradəsinin əsas dayağı oldu. Xocalı faciəsi xalqın şüurunda məğlubiyyət yox, haqqın bərpasına aparan yolun simvoluna çevrildi.

Bu mənəvi mübarizədə Heydər Əliyev Fondunun da xidmətləri xüsusi yer tutur. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması, humanitar diplomatiyanın gücləndirilməsi, Azərbaycan həqiqətlərinin mədəni və mənəvi dildə dünyaya çatdırılması sistemli xarakter aldı. Bu fəaliyyət tarixi ədalət anlayışının beynəlxalq müstəvidə tanınmasını təmin etdi.

Hərbi cinayətkarların məhkəmə qarşısına çıxarılması da bu tarixi prosesin hüquqi və siyasi tamamlanmasıdır. Azərbaycan burada intiqam yolunu yox, qanunun aliliyini seçdi. Ədalətli məhkəmə göstərdi ki, bu dövlət qalib olduğu halda belə hüquqdan kənara çıxmır. Ədalətli məhkəmə prosesi həm daxili, həm də beynəlxalq ictimaiyyətə aydın mesaj verdi: Azərbaycan dövləti güclüdür, amma bu güc özünü qanunsuzluqda deyil, hüquqda göstərir. Bu gün Azərbaycan həm də haqlı qalibdir”, - deyə K.Qənbərov vurğulayıb.

Seçilən
82
2
herbiand.az

3Mənbələr