AZ

Yer kürəsinə həyat kosmosdan gəlib?

Elmi ictimaiyyətdə maraq doğuran yeni təcrübələr həyatın planetlərarası səyahəti ilə bağlı diqqətçəkən nəticələr ortaya qoyub.

Hit.az xəbər verir ki, kosmosun dondurucu soyuğuna və nəhəng təzyiqə baxmayaraq sağ qala bilən bakteriyalar insanlığın mənşəyi barədə təsəvvürləri yenidən müzakirəyə çıxarır.

Elmi-fantastik filmlərdə gördüyümüz nəhəng kosmik gəmilər və inkişaf etmiş texnologiyalar kainatda səyahətin yeganə yolu olmaya bilər. Real dünyada həyatın planetlər arasında ötürülməsi möhtəşəm vasitələrlə deyil, sərt və tozlu qaya parçaları ilə baş verə bilər.

Asteroidin planet səthinə çarpması zamanı yaranan böyük enerji qaya parçalarını kosmosa səpələyir. Bu fraqmentlər milyonlarla il davam edən səyahətdən sonra başqa bir planetə düşə bilər. Cons Hopkins Universitetinin tədqiqatçıları hesab edirlər ki, bu qaya parçalarının daxilində yalnız cansız maddələr deyil, mikroskopik canlılar da mövcud ola bilər.

Yer üzündə həyatın Marsdan gələn bir “yüklə” başlaması ehtimalı uzun illərdir müzakirə olunur. Lakin kosmosdakı güclü radiasiya, həddindən artıq soyuq və toqquşma anındakı yüksək təzyiq bu nəzəriyyəyə şübhə ilə yanaşılmasına səbəb olub. Laboratoriyada aparılan yeni təcrübələr isə həyatın düşündüyümüzdən daha davamlı olduğunu göstərir.

Alimlər bu ehtimalı yoxlamaq üçün Çilinin yüksək səhralarında yaşayan və sərt şəraitə dözümlülüyü ilə tanınan "Deinococcus radiodurans" bakteriyasını araşdırıblar. Marsın soyuq, quru və radiasiyalı mühitinə bənzər şəraitə uyğunlaşmış bu bakteriyalar asteroid toqquşması zamanı yaranan yüksək təzyiqi simulyasiya edən xüsusi qurğuya yerləşdirilib.

Tədqiqat qrupu bakteriyaları iki metal lövhə arasında sıxaraq sistemi saatda 500 kilometr sürətə çatan mərmi ilə vurub. Təcrübə zamanı yaranan təzyiq Sakit okeandakı Mariana xəndəyinin ən dərin nöqtəsindəki təzyiqdən dəfələrlə artıq olub.

Nəticələr alimləri təəccübləndirib. Metal lövhələri saxlayan polad konstruksiya dağılsa da, bakteriyaların böyük hissəsi sağ qalıb. Hətta 1,4 giqapaskal təzyiq altında bütün bakteriyalar zərər görmədən yaşamağa davam edib. Daha yüksək təzyiq səviyyələrində belə mikroskopik canlıların bir qismi sağ qala bilib.

Bu nəticələr “litopanspermiya” – yəni həyatın meteoritlər vasitəsilə yayılması nəzəriyyəsini sadə fərziyyədən daha real ssenariyə çevirir. Əgər həyat bir planetdə formalaşırsa, asteroid toqquşmaları nəticəsində kosmosa yayılıb başqa dünyalara çata bilər.

Bu kəşf yalnız həyatın Yerə necə gəldiyi sualını gündəmə gətirmir, eyni zamanda Marsın peyki "Fobos" kimi yaxın kosmik obyektlərdə hələ də canlı izlərinin axtarılmasının mümkün olduğunu göstərir. Ola bilsin ki, Günəş sisteminin tozlu guşələrində vaxtilə Marsda mövcud olmuş canlılara aid izlər hələ də aşkar edilməyi gözləyir.

Samir

Seçilən
14
hit.az

1Mənbələr