Yaxın Şərqdə artan gərginlik fonunda ən çox səslənən və insanları narahat edən suallardan biri budur: əgər İsrail və ya İran nüvə silahından istifadə etsə, regionu nə gözləyər? Ümumiyyətlə, belə bir ssenari realdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Fikrət Fəraməzoğlunun sözlərinə görə, əvvəla vacib bir detalı nəzərə almaq lazımdır. Heç bir ölkə özbaşına, istədiyi vaxt başqa bir dövlətə qarşı nüvə silahı tətbiq edə bilməz.

Siyasətçinin sözlərinə görə, hətta həmin ölkə Rusiya, Çin, ABŞ və ya Şimali Koreya da olsa belə, bu, mümkünsüzdür. Dünyada hər nə qədər xaos, müharibələr və qarışıqlıqlar olsa da, ümumi, yazılamayan bir qanun var. Həmin qanun da budur ki, heç kim özbaşına nüvə silahından istifadə edə bilməz. İkincisi, İranın nüvə silahına sahib olub-olmaması məlum deyil. İsrailin isə varıdır
“Lakin Təl Əviv də özbaşına deyil. Əgər belə bir imkanı olsaydı, çoxdan ondan başqa dövlətlərə qarşı istifadə edərdi. O səbəbdən də nə İran, nə də İsrail bir-birilərinə qarşı belə bir vasitədən istifadə etməyəcəklər. Nəzəri cəhətdən bu mümkün olsa, o zaman regionu tam bir fəlakət bürüyər. Bu bölgədə uzun illər, bəlkə də yüz ildən çox bir dövrü insansız, radiasiya ilə kəskin çirklənmiş hesab edin”, — deyə siyasətçi bildirib
“Bu gün dünyada nüvə silahları daha çox təhdid vasitəsidir. Onun praktiki olaraq istifadəsi 1945-ci ilin avqustundan sonra müşahidə olunmayıb. Bundan sonra da müşahidə oluanacağı real deyil. Elə buna görə də, İran və İsrail arasında gedən müharibə nüvə savaşına çevrilməyəcək”, — deyə siyasətçi sonda vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az