AZ

“Qarabağ”ın hədəfi: martın sonuna qədər indiki xal fərqini qorumaq, apreldə “Sabah”ı cəzalandırmaq!

Vallah-billah, maraqlı mövsümdü! “Qarabağ” – “Sabah” oyunu bu ölkənin çempionatına laqeyd olanları da dingildətdi, indi hər yerdə sonda kimin qızıl medal qazanacağından danışırlar. Şəxsən mənlik olsaydı, “Bəhramov”dakı oyuna ən azı 20 min adam toplayardım. Olsun, 10361 də pis deyil. Keçək başqa məsələyə...

6 komanda – “Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Zirə”, “Araz-Naxçıvan” və “Sumqayıt” avrokuboklara vəsiqə iddiasını gizlətmir. Bunlardan beşi ölkə kubokunda da mübarizəni davam etdirir. Burda nəzərə alınmalı olan bir önəmli məqam var. 1/4 finalın cavab görüşlərinin nəticələri klubların avrokubok strategiyasına ciddi təsir göstərəcək. Məsələn, “Zirə”, “Turan Tovuz” və ya “Sumqayıt” yarımfinaldan kənarda qalacaqsa, avtomatik çempionatda daha yüksək yer tutmağa çalışacaq. “Qarabağ”ın adını bilərəkdən çəkmirəm, çünki çempionun sabah “Şamaxı” önündə “ağ bayraq qaldıracağını” təsəvvür etmirəm. Kəsəsi, bu yazını kubokun yarımfinalçıları məlum olandan sonra qələmə alsaydım, çempionluq mübarizəsinin perspektivinə daha parlaq işıq sala bilərdim. Amma yenə də problem deyil, jurnalistinizi bir dəfə də Nostsradamus kimi təsəvvür edin!

Qurban Qurbanovun, “Qarabağ”ın məşqçi korpusunun futbol biliyinə zərrəcə şübhə etmirəm, etsəydim, yazardım ki, siz gəlin “Futbol+” üçün yazın, mən isə komandanı oyuna çıxarım. Amma mənə elə gəlir ki, çempionun mart üçün əsas hədəfi “Sabah”la indiki xal fərqini qorumaq olmalıdı, nəinki onu “əritmək”! İnanmırsızsa, təqvimə birlikdə baxaq.

“Sabah” ilin 3-cü ayında üç oyun keçirəcək. Martın 10-da elitada yerini qorumağa çalışan “Qəbələ” (evdə), 14-də eyni hədəf uğrunda mübarizə aparan “İmişli” (səfərdə), 19-da avrokubok ümidləri tükənməkdə olan “Sumqayıt” (evdə) ilə. Kim nə deyir-desin, “bayquşlar” bu oyunlarda maksimum iki xal itirə bilər, yəni ən azı 1 qələbə, 2 heç-heçə onların cibində və ya dimdiyindədi.

“Qarabağ”ın da üç oyunu var. Sadəcə, rəqiblər daha çətindi. Dünya qadınlara sevgisini izhar edəcəyi gün “Araz-Naxçıvan”ı qəbul edəcək çempion 14-də “Zirə”nin, 20-də “Kəpəz”in qonağı olacaq. Bu komandalardan ikisinin avrokuboklara vəsiqəyə iddialı olduğunu nəzərə alsaq, “Qarabağ”ı “bayquşlar”la müqayisədə daha ağır təqvim gözləyir. Amma ağdamlıları üstün duruma gətirən məqam da var. Bu isə onların oyunlararası məsafəsinin daha uzun, deməli, hazırlıq üçün vaxtının daha çox olmasından ibarətdi. “Qarabağ”ın bir oyununu o birindən 6 gün ayırırsa, “Sabah”ın belə lüksü yoxdu. “Qarabağ”a bu üç oyunda maksimum xal yaza bilmirəm, amma 5 və ya 6 xal tam realdı.

Yazdıqlarımın yekunu kimi bu nəticəyə gəlirəm: çempion yenidən bu titulu qazanmaq istəyirsə, əsas hədəfi, strateji yanaşması belə olmalıdı: indiki xal fərqini qorumaq, avrokuboklara iddialıların dairəsi daralandan sonra (apreldə yüzdədoxsan belə olacaq!) “Sabah”a həlledici və yekun zərbəni vurmaq; aprelin 18-i və ya 19-da keçiriləcək 28-ci turun oyununda – şəxsi dueldə “bayquşlar”ı sərt şəkildə cəzalandırmaq!

Mart bayram və dərd ayıdı, görürsüz ki, cənub qonşumuzun minillik tarixi olan şəhərlərini yerlə yeksan edirlər. Amma bizi gözəl və maraqlı aprel gözləyir!

HUŞƏNG

Seçilən
0
3
football-plus.az

4Mənbələr