Futbol üzrə Braziliya A Seriyasında mübarizə aparan “Flamenqo” komandasının baş məşqçisi Filipe Luis istefaya göndərilib.
Arena.az bu barədə Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, 40 yaşlı mütəxəssis martın 3-dən etibarən əsas komandadakı vəzifəsindən kənarlaşdırılıb. Onunla birlikdə köməkçisi İvan Palanko və fiziki hazırlıq üzrə məşqçi Dioqo Linyares də klubu tərk ediblər.
Xatırladaq ki, Filipe Luis 2024-cü ildən “Flamenqo”nu çalışdırırdı. Onun Braziliya klubu ilə müddəti 2027-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqaviləsi mövcud idi.
“Flamenqo” Filipe Luisin rəhbərliyi altında bütövlükdə 99 oyun keçirib, 62 qələbə, 21 heç-heçə və 16 məğlubiyyət görüb. Komanda bu müddətdə Libertadores Kubokunu, Braziliya Kubokunu və Braziliya Super Kubokunu qazanıb.
Braziliyalı mütəxəssis daha öncə “Flamenqo”nun U-17 və U-20 komandalarında da baş məşqçi kimi çalışıb.
