Son vaxtlar TikTok platformasında yayımlanan bəzi paylaşımların əxlaq normalarına və milli dəyərlərə zidd olması ilə bağlı müzakirələr genişlənib. Cəmiyyətdə xüsusilə yeniyetmələr arasında sürətlə yayılan kontentin nəzarətsiz qalması narahatlıq doğurur. Bu fonda platformanın Azərbaycanda məhdudlaşdırılması və ya tamamilə bağlanması ehtimalı ilə bağlı iddialar gündəmə gəlib.
Məsələ artıq təkcə sosial şəbəkə müzakirəsi deyil, həm də ictimai təhlükəsizlik və mənəvi mühit kontekstində qiymətləndirilir.
Bu yöndə TikTok platformasının bağlanması və alternativ şəbəkənin yaradılması ehtimalı varmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri, İT mütəxəssisi Elvin Abbasov bildirib ki, TikTok və oxşar platformalarla bağlı yaranan bu narahatlıqları sadəcə hüquqi və ya texniki məsələ kimi deyil, bir cəmiyyət olaraq gələcəyimizə duyduğumuz qayğı kimi başa düşmək lazımdır.

Elvin Abbasovun sözlərinə görə, valideynlərin, ziyalıların və geniş ictimaiyyətin narahatlığı tamamilə təbiidir, çünki söhbət bizim övladlarımızın mənəvi formalaşmasından və psixoloji sağlamlığından gedir.
“Platformanın tamamilə bağlanması məsələsi tez-tez gündəmə gəlsə də, müasir dünyada ən effektiv yol qadağalardan daha çox, bu sahədə ciddi bir nizam-intizamın yaradılması və platformanın bizim qaydalarımıza hörmət etməyə məcbur olunmasıdır”, — deyə İT mütəxəsis bildirib.
Dövlətin əsas hədəfinin məhz bu olmasından bəhs edən Elvin Abbasov deyib:
“Dövlətin əsas hədəfi TikTok-u “vəhşi” və nəzarətsiz bir məkandan, uşaqlar üçün təhlükəsiz olan, bizim dəyərlərimizə zidd kontentlərin dərhal kənarlaşdırıldığı bir platformaya çevirməkdir”.
Alternativ yerli şəbəkənin yaradılması barədə danışan mütəxəssis vurğulayıb:
“Bu, çox gözəl və vətənpərvər bir arzudur. Lakin etiraf etməliyik ki, qlobal nəhənglərlə rəqabət aparmaq üçün təkcə güclü proqram təminatı kifayət deyil, həm də gənclərin marağını çəkəcək rəqabətqabiliyyətli bir mühit qurulmalıdır. Bəlkə də bizim üçün ən doğru yol, tam bir sosial şəbəkə yaratmaqdan əvvəl, gənclərimizin istedadlarını nümayiş etdirə biləcəyi, təhsil və əyləncənin vəhdət təşkil etdiyi daha “butik” və qorunan rəqəmsal guşələr hazırlamaqdır. Bu, bizə öz rəqəmsal evimizi qurmaqda ilk və sağlam addım ola bilər”.
“Nəticədə, TikTok və ya hər hansı başqa bir platforma sadəcə bir alətdir. Onun xeyirə, yoxsa şərə xidmət edəcəyi həm tətbiq olunacaq dövlət nəzarətindən, həm də bizim ailə daxilində övladlarımıza aşıladığımız rəqəmsal mədəniyyətdən asılıdır. Əgər bir platforma bizim mənəvi sərhədlərimizi mütəmadi olaraq pozarsa, əlbəttə ki, dövlət öz vətəndaşını qorumaq üçün ən sərt addımları atmaqda tərəddüd etməyəcək. Lakin biz istəyirik ki, qadağalarla deyil, şüurlu istifadə və güclü “rəqəmsal immunitet”lə öz dəyərlərimizi bu yeni dünyada qoruya bilək” — deyə Elvin Abbasov vurğulayıb.
Dəniz Pənahova
KONKRET.az