AZ

“Marketlərdə vətəndaşlar aldadılır” – Deputatdan ETİRAZ

Deputat Azay Quliyev Milli Məclisdəki çıxışında Ombudsmanın 2025-ci il üzrə hesabatı barədə danışıb.

Musavat.com-un məlumatına görə, deputat bildirib ki, Ombudsman institutu ötən il Konstitusiyanın verdiyi səlahiyyətlər çərçivəsində vətəndaşların hüquq və qanuni mənafelərinin qorunması istiqamətində səmərəli fəaliyyət göstərib:
“Detallara varmadan bildirmək istərdim ki, 2025-ci ildə Ombudsmana 42.685 müraciətin daxil olması ictimaiyyət tərəfindən bu instituta inamın yüksək olduğunu göstərir. Hesabatda insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlərin sistemləşdirilməsi, müraciətlərin müxtəlif kateqoriyalardan olan şəxsləri əhatə etməsi, habelə problemlərin həlli ilə bağlı konkret nümunələrin təqdim olunması da müsbət qiymətləndirilməlidir. Düşünürəm ki, Ombudsmanın hesabatda qaldırdığı məsələlərlə aidiyyəti qurumlar yaxından tanış olmalı, qeyd olunan nöqsanların gələcəkdə təkrarlanmaması və irəli sürülən tövsiyələrin nəzərə alınması üçün sistemli tədbirlər görülməlidir”.
A.Quliyev məruzədə bu və ya digər formada əksini tapan bir neçə məsələ ilə bağlı fikirlərini çatdırıb. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından bəhs edən deputat bildirib ki, qanunvericiliyə, o cümlədən Miqrasiya Məcəlləsinə və “İcra haqqında” Qanuna əsasən, vergi və digər məcburi ödənişlər üzrə borcu olan şəxslərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər:
“Bu, beynəlxalq praktikada da tətbiq olunan normal bir mexanizmdir. Lakin praktikada müəyyən problemlərə rast gəlinir. Belə ki, bəzi hallarda vergi borcu ilə bağlı vətəndaşa əvvəlcədən bildiriş göndərilmədən, onu məlumatlandırmadan, bələdiyyə orqanlarının müraciəti əsasında icra məmuru tərəfindən ölkədən çıxışına məhdudiyyət tətbiq olunur. Yəni çıxışa məhdudiyyətin qoyulması bütün mərhələləri keçdikdikdən sonra son addım kimi tətbiq olunmalıdır, yoxsa, hər borcu olanı dərhal siyahıya salıb ölkədən çıxışına məhdudiyyət qoymaq doğru deyil. Nəticədə vətəndaş bu barədə yalnız hava limanında məlumat alır və ailəsi ilə birgə hazırladığı səyahət planları pozulur. Hətta mənə daxil olmuş müraciətlərdən birində borc kimi göstərilən əmlak vergisinin vətəndaşa məxsus olmayan əmlaka görə hesablandığı da qeyd edilib. Bu hallar onu göstərir ki, bəzi qurumlar məsələni tam və hərtərəfli araşdırmadan qərar qəbul edir və bu da vətəndaşların haqlı narazılığına səbəb olur”.
A.Quliyev tibbi xidmətlərlə bağlı məsələlərə də diqqət çəkib:
“Hesabatda da qeyd olunduğu kimi, ölkədə hələ də həkimlik hüququ olmadan cərrahi əməliyyatlar həyata keçirən və lisenziyasız fəaliyyət göstərən tibb müəssisələri mövcuddur. Bu cür halların nəticəsində vətəndaşlar ya həyatlarını itirir, ya da sağlamlıqlarına ciddi zərər dəyir. Sual olunur: belə hallara necə imkan verilir? Belə çıxır ki, şikayət olmasaydı bu tip müəssisələr və şəxslər qanunsuz fəaliyyətlərini davam etdirməkdədir. Hesab edirəm ki, aidiyyəti qurumlar şikayəti gözləmədən belə halları aşkarlamalı və qarşısını almalıdırlar ki, insanların sağlamlığı təhlükə altına düşməsin. Digər bir məsələ icbari tibbi sığorta ilə bağlıdır. Hər şeydən öncə onu deyim ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən qısa müddət keçməsinə baxmayaraq, bu sahədə mühüm işlər görülmüş və sistemin tam oturuşması üçün dövlətin dəstəyi hər il yüksələn xəttlə artır. Bununla belə, tibbi sığorta çərçivəsində hər xəstəyə görə həkimə ödənilən vəsaitin həcminə yenidən baxılması məqsədəuyğun olardı. Belə ki, bu məbləğin təxminən 2 manat 40 qəpik olması və bu vəsaitin 2-3 ay gecikmə ilə ödənilməsi həkimlərin gösətərdiyi xidmətin qarşılığına uyğun deyil, bəzən bu kimi hallar ixtisaslı həkimlərin daha yüksək maaş naminə xarici ölkələrə getməsinə səbəb olur. Eyni zamanda, vətəndaşların tibbi sığortadan istifadə edərkən xəstəxana seçimi ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ya ən azı seçim imkanlarının genişləndirilməsiniə də baxmaq lazımdır. Belə ki, bu məhdudiyyət səbəbindən uzun illər müəyyən həkimin nəzarətində olan vətəndaş həmin həkim onun sığorta sisteminə daxil olan tibb müəssisəsində çalışmadıqda ya bu xidmətdən məhrum olur, ya da sığortadan yararlana bilmir. Ona görə də yaxşı olardı ki, xəstələrə həkim seçimində sərbəstlik verilsin”.
Deputat istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı problemlərə də toxunub:
“Bir sıra supermarketlərdə məhsulların üzərində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərqlər müşahidə olunur. Yəni kassada daha yüksək məbləğ tələb edilir və nəticədə vətəndaşlar aldadılır. Hesab edirəm ki, bu məsələ də ictimaiyyəti ciddi narahat edən problemlər sırasındadır və aidiyyəti qurumlar bu kimi halların qarşısının alınması üçün daha təsirli tədbirlər görməlidirlər. Ümumilikdə, hesabatı qənaətbəxş hesab edir və onun nəzərə alınmasını təklif edirəm”.
Seçilən
0
2
yenilik.az

3Mənbələr