ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 3 mart, AZƏRTAC
ABŞ ilə İran arasında hərbi-siyasi gərginliyin artması və qarşıdurmanın aktiv fazaya keçməsi qlobal iqtisadi sistemdə yeni risk dalğası formalaşdırıb. Münaqişənin məhz həftəsonu başlanması təsadüfi deyil. Çünki bazarların bağlı olduğu günlərdə baş verən hadisələr investorların bazar ertəsi kəskin reaksiya verməsinə səbəb olur. Nəticədə valyuta, enerji və qiymətli metallar bazarında ciddi dalğalanmalar qeydə alınıb.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.
Onun sözlərinə görə, hazırda əsas diqqət enerji bazarına yönəlib.
“Analitiklər iki baza ssenarini nəzərdən keçirirlər. Birinci ssenariyə görə, münaqişə uzanarsa, neftin bir barelinin qiyməti 90–100 dollarına qədər yüksələ bilər. Bu risk ilk növbədə Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlıdır. Qlobal neft tədarükünün mühüm hissəsi məhz bu strateji su yolundan keçir. Söhbət boğazın tam bağlanmasından deyil, hərbi əməliyyatların Körfəz hövzəsində intensivləşməsi səbəbindən daşımaların məhdudlaşmasından gedir. Təhlükəsizlik riskləri artdıqca neftdaşıma şirkətləri fəaliyyətlərini ya məhdudlaşdırır, ya da sığorta haqları kəskin bahalaşır. Bu isə faktiki olaraq təklifin azalmasına və qiymətlərin artmasına gətirib çıxarır. Son günlər ərzində neftin qiymətində 13 faiz, dizel yanacağında 17 faiz, aviasiya kerosinində isə 20 faiz artım müşahidə edilib. Qiymət artımı daha çox neft məhsullarında qeydə alınır ki, bu da logistika, hava nəqliyyatı və sənaye sektorunda xərclərin yüksəlməsinə səbəb olur. Əgər gərginlik diplomatik kanallarla aradan qaldırılarsa, ikinci ssenariyə əsasən neftin qiymətinin 62–65 dollar intervalına qədər geriləməsi mümkündür. Lakin hazırkı geosiyasi fon risklərin hələ də yüksək olduğunu göstərir.
Enerji qiymətlərinin artması qlobal inflyasiyanı yenidən sürətləndirə bilər. Bu isə aparıcı mərkəzi bankları çətin seçim qarşısında qoyur. Xüsusilə ABŞ Federal Ehtiyat Sistemi (FES) üçün vəziyyət mürəkkəbləşir. İnflyasiya risklərinin artması fonunda əsas uçot dərəcələrinin azaldılması ilə bağlı qərarların təxirə salınması ehtimalı yüksəlir. Bu gözləntilər investor davranışına da təsir edir. Dollar indeksində 0,2 faiz artım qeydə alınıb. ABŞ valyutası ənənəvi olaraq qlobal qeyri-müəyyənlik dövründə “təhlükəsiz liman” funksiyası daşıyır. İnvestorlar riskli aktivlərdən çıxaraq dollar və ABŞ dövlət istiqrazlarına üstünlük verirlər. Lakin münaqişənin uzunmüddətli xarakter alması investor psixologiyasında panika effekti yarada bilər. Bu halda kapital axınlarının istiqaməti dəyişə və dolların mövqeyi zəifləyə bilər”, - deyə ekspert vurğulayıb.
Samir Heydərov bildirib ki, geosiyasi eskalasiya fonunda qızıl bazarında da ciddi bahalaşma müşahidə edilir. Qızılın bir unsiyasının qiyməti 5200 dolları keçərək 5400 dollara doğru yüksəlib. Eskalasiya davam edərsə, 5500 dollar səviyyəsi real görünür. Onun sözlərinə görə, beynəlxalq maliyyə qurumları da optimist proqnozlar səsləndirirlər: “O cümlədən “JPMorgan” qızılın qiymətinin 6000 dollara çata biləcəyini istisna etmir. Mərkəzi banklar və suveren fondlar öz ehtiyat portfellərində qızılın payını artırmaqla riskləri sığortalamağa çalışırlar. Qızıl ehtiyatlarının əhəmiyyətli hissəsini bu metalda saxlayan ölkələr, o cümlədən Azərbaycan və Rusiya qiymət artımından əlavə gəlir əldə edirlər. Enerji xərclərinin artması və qeyri-müəyyənlik fonunda Asiya fond bazarlarında eniş müşahidə olunur. Eyni tendensiya Voll-Strit indekslərində də qeydə alınıb. Səhmlərin ucuzlaşması investorların “risk iştahasının” azalmasının göstəricisidir. Enerji idxalçısı olan Avropa və Asiya ölkələri üçün bahalaşma əlavə iqtisadi təzyiq yaradır. İstehsal xərcləri artır, tədiyə balansında gərginlik yaranır və iqtisadi artım tempi zəifləyə bilər. Bu isə qlobal iqtisadiyyatın yeni bir böhran mərhələsinə daxil olması riskini artırır”.
Ekspert əlavə edib ki, Azərbaycan iqtisadiyyatı baxımından vəziyyət ikili xarakter daşıyır. Neft və qızıl qiymətlərinin artması ölkəyə əlavə valyuta axını və büdcə gəlirlərinin yüksəlməsi deməkdir.
“Bu, qısamüddətli perspektivdə maliyyə sabitliyini gücləndirir. Lakin enerji qiymətlərinin artımı idxal olunan malların maya dəyərini yüksəldərək inflyasiya təzyiqi yarada bilər. Buna görə də əlavə neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına, daxili istehsalın genişləndirilməsinə, sənayeləşmə və aqrar sahənin gücləndirilməsinə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Mövcud geosiyasi şərait qlobal iqtisadiyyat üçün riskli mərhələ kimi qiymətləndirilsə də, düzgün iqtisadi strategiya və çevik fiskal siyasət nəticəsində Azərbaycan üçün yeni imkanlar da yarana bilər. Əsas məsələ artan enerji gəlirlərinin davamlı və şaxələndirilmiş iqtisadi modelin qurulmasına yönəldilməsidir”, - deyə o qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.