AZ

Neft və Sənaye Universiteti Said Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində müsabiqə elan edir

Bakı, 2 mart, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) iqlim dəyişikliyi ilə bağlı beynəlxalq təşəbbüslər çərçivəsində Oksford Universitetinin Said Biznes Məktəbi ilə əməkdaşlıq edir. Əməkdaşlıq “Oksford Said Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” layihəsi çərçivəsində həyata keçirilir.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, “Oxford Said Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” layihəsi gənc innovatorları və müəllimləri aktual ekoloji problemlərə texnologiyaya əsaslanan həllər və müasir dərs planları hazırlamağa təşviq edən beynəlxalq platformadır. Layihə iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə təhsilin və innovasiyanın rolunu gücləndirməyi hədəfləyir.

Əməkdaşlığın əsas məqsədi 15-18 yaşlı orta məktəb şagirdlərini və müəllimləri qlobal iqlim çağırışlarına praktik və miqyaslana bilən həllər hazırlamağa cəlb etməkdir. İştirakçılar yalnız texnoloji ideyalar irəli sürməyəcək, eyni zamanda, bu mövzuların tədris prosesinə inteqrasiyası üçün effektiv dərs planları hazırlayacaqlar. Bu yanaşma şagirdlərdə yaradıcılığın, tənqidi düşüncənin və fənlərarası əməkdaşlığın inkişafına xidmət edir.

2025-ci ildə keçirilmiş müsabiqəyə 75 ölkədən 1600-dən çox müraciət olub. Təşkilatçılar bu il müsabiqənin coğrafiyasını və iştirakçı sayını daha da genişləndirməyi qarşıya məqsəd qoyublar.

Final mərhələsi 2026-cı ilin avqust ayında Oksfordda keçiriləcək. Finalçı şagird komandaları və müəllimlər “Said Business School”da öz həllərini və dərs planlarını təqdim edə biləcəklər. Qalib şagird komandası 2027-ci ildə Oksfordda təşkil olunacaq “Future Climate Tech Innovators Summer School” proqramında iştirak üçün tam təqaüd qazanacaq. Qalib müəllim isə “Said Business School”un əyani “Executive Education” proqramında iştirak imkanı əldə edəcək. Finalçıların və qaliblərin bütün səfər və iştirak xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq.

Müsabiqə çərçivəsində iştirakçılar hava çirklənməsi, ekstremal hava hadisələri, ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin itirilməsi və su qıtlığı kimi qlobal problemlər üzrə həllər hazırlayacaqlar. Layihə ətraf mühit dəyişikliklərinin monitorinqi, iqlim risklərinə uyğunlaşma və müxtəlif səviyyələrdə innovativ yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Təşəbbüsün əsas məqsədi daha təmiz, təhlükəsiz və dayanıqlı gələcəyin formalaşdırılmasına töhfə verəcək yeni nəsil liderlərin yetişdirilməsidir.

Seçilən
3
3
azertag.az

4Mənbələr