AZ

Dostlarla işləmək daha effektivdir – “Admin night” nədir?


Bəzi insanlar uzun müddətdir təxirə saldıqları gündəlik işlərini daha rahat və səmərəli bitirmək üçün maraqlı bir üsul tapıblar – “Admin night”.
Yeniavaz.com
CNN-ə istinadən xəbər verir ki, bu üsul artıq dünyada sürətlə populyarlaşmağa başlayıb. 
Məsələn, Nyu-Yorkda yaşayan aktyor Benjamin Çipman və dostu Nikita Suri iyul ayından bəri hər çərşənbə axşamı bir kafedə görüşürlər. Onlar həm birlikdə yemək yeyir, həm də çoxdan yığılıb qalmış işlərini həll edirlər.
Bu görüşlər zamanı Çipman ssenari üzərində işləyir, dostu Suri isə şəxsi inkişaf və sənədləşmə işlərinə vaxt ayırır – məsələn, e-poçtlarını təmizləyir, CV-sini yeniləyir və ya texnoloji bacarıqlarını artırır. “Admin night” təkcə gündəlik qayğılar üçün deyil, həm də şəxsi məqsədlər üçün əla fürsətdir. Çipman bu görüşlər sayəsində ssenarisini tamamladığını, Suri isə dil öyrənməyə və mütaliəyə vaxt tapdığını deyir.
Bu termin ilk dəfə amerikalı məşhur jurnalist və yazıç Kris Kolin tərəfindən tanıdılıb. Onun fikrincə, tək qaldıqda işləri təxirə salmaq asan olsa da, sosial mühitdə insan daha məhsuldar olur.
Psixoloq Debra Kissenin tövsiyəsinə görə, öz “admin night”ınızı qurmaq istəyirsinizsə, işə bir və ya iki dostla başlamaq daha yaxşıdır. Az insan olduqda diqqət yayınmır və lazımsız söhbətlər işə mane olmur.
Görüşlər adətən qısa söhbətlə başlayır, sonra hər kəs planını açıqlayır və işə girişirlər. Bir çoxları “Pomodoro” texnikasından (25 dəqiqə iş, 5 dəqiqə fasilə) istifadə edir. Bu görüşləri həm fiziki məkanda, həm də onlayn formatda keçirmək mümkündür.
Bəzi cütlüklər isə bu metodu “görüş gecəsi”nə çeviriblər. Məsələn, ABŞ-nin Portlend şəhərində yaşayan Nikol Kapetta və həyat yoldaşı hər ay büdcə planlaması və maliyyə məsələləri üçün xüsusi vaxt ayırırlar. Onların dediyinə görə, bu vərdiş həm büdcələrini qaydaya salıb, həm də münasibətlərini möhkəmləndirib.
Mütəxəssislər bildirir ki, bu metod psixologiyada “body doubling” kimi tanınır. Bu yanaşma, xüsusilə diqqət dağınıqlığı yaşayan insanlar üçün çox faydalıdır. İnsan başqa birinin yanında işləyərkən özünü daha məsuliyyətli hiss edir və diqqətini işə daha asan cəmləyir.

Fəridə Əsədzadə
Seçilən
0
13
yeniavaz.com

10Mənbələr