AZ

Heç-heçə? Yox, “Sabah”ın qələbəsi, “Qarabağ”ın məğlubiyyəti!

Bazar günü “Bəhramov”da gerçək bir futbol tamaşası yaşandı. Stadionda, ekran və telefon qarşısında olan hər kəs dramatik, məhsuldar, qalmaqallı “Qarabağ” – “Sabah” oyunundan həzz, ləzzət aldı. Bu oyun hər cür tərifə, komplimentə, xoş sözə layiqdi. Belə oyunların sayı çox olarsa, azarkeşlər daha həvəslə stadiona gələr, Azərbaycan futbolu bir brend kimi dünyada məşhurlaşar.

Oyunun 3:3 bitdiyi, lider “Sabah”ın “Qarabağ”la 7 xal fərqini qoruduğu da bəllidi. Bəli-bəli, məhz 7! Çoxları “Neftçi” ilə təxirə salınan oyunu nəzərdə tutub xal fərqini 4 göstərsə də, belə deyil, yəni bugünkü “Neftçi” heç bir halda ağdamlılar üçün asan yem olmayacaq.

İndi “Sabah”la “Qarabağ”ın – hər iki düşərgənin qəzəbi də anlaşılandı, sevinci də. 3:0-ə əldən verən “Sabah”ın özgüvəni sarsıldı. Halbuki xal fərqi 10-a çatsaydı, elə oyundan dərhal sonra qızıl medalları PFL-dən “Bəhramov”a gətirib, “bayquşlar”ın boynundan asmaq olardı. “Qarabağ” isə 0:3-ü 3:3-ə çevirməklə kiçik, amma hələ mümkün çempionluqdan xəbər verməyən qəhrəmanlıq etdi. Şəxsən mən ÇL-də mübarizəni dayandıran çempiondan daha yaxşı oyun, Qurban Qurbanovdan isə B və C variantları da gözləyirdim. Amma heç nə alınmadı, məğlubiyyətdən çətinliklə qurtulan ağdamlıların baş məşqçisi oyundan sonra “hər il çempion olmağımız məcbur deyil” deməklə bir növ qəlbinin dərinliyində titulun əldən getməsi ilə barışdığını da göstərdi. Və...

Və nədənsə mənə elə gəldi ki, Qurban bəyin yersiz hərəkətlə futbol bayramına bir qədər kölgə salan Valerio Zuddasın təkcə Müşfiq Hüseynovdan yox, “Qarabağ”ın məşqçi korpusundan üzr istəməyi tələb etməsi də özündə təkcə cığallıq yox, həm də titulun tədricən əldən çıxmasından doğan qəzəb elementləri daşıyırdı. Təki mən yanılım, çempionluq mübarizəsi son turun son saniyəsinə qədər davam etsin. Amma sırf dünənki oyuna yekun vurmaq lazım gəlirsə, onda mən bu heç-heçəni “Sabah”ın qələbəsi, “Qarabağ”ın məğlubiyyəti adlandırmağa məcburam.

HUŞƏNG

Seçilən
7
2
football-plus.az

3Mənbələr