AZ

Planetlərin səma görüşü

Bu axşam 6 “kosmik qardaş” bir-birinə əl edib keçəcək

Bu gün  axşam saatlarında səma müşahidəçiləri nadir və diqqətçəkən astronomik hadisəni izləyə biləcəklər.  Günəş batdıqdan sonra 6 planet – Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni vaxtda səmada düz xətt boyunca görünəcək. Bu hadisə ­astronomiyada “planetlərin böyük paradı” adlanır və  nəhəng kosmik obyektlərin sayına görə ən maraqlı düzülüşlərdən  hesab olunur. 
Astronomlar bildirirlər ki, Günəş sistemindəki planetlər eyni müstəvidə deyil, ekliptika yaxınlığında fərqli müstəvilərdə, müxtəlif orbitlərdə fırlanır. Buna görə də onların  tam bir xətt boyunca düzülməsi mümkün deyil. Hadisə zamanı Günəşdən bir tərəfdə 4 planet bir sektorda düzülərsə, bu, kiçik, 6 planet görünərsə, böyük, bütün planetlər bir sırada olduqda isə tam parad hesab edilir. 
3 planetin bir-birinə yaxınlaşdığı mini-parad ildə bir neçə dəfə, 4 planetin belə görünüşü isə kiçik parad ildə bir dəfə, beş və ya altı planetin iştirak etdiyi böyük parad isə hər 20 ildən bir baş verir. Tam planet paradı isə olduqca nadir hallarda – təxminən 170-180 ildən bir müşahidə olunur. Tiplərin adından aydın olduğu kimi, burada söhbət planetlərin iştirakı ilə baş tutan  prosesdən gedir. Bu hadisə planetlərin Günəşdən eyni istiqamətdə bir-birinin ardınca düzülüşü zamanı yaranır. Bu, əslində, nadir  hadisədir.
Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aytac İskəndərova XQ-yə bildirdi ki, planetlərin paradı dedikdə Günəş sistemindəki bir neçə planetin Yer kürəsindən baxdıqda sanki bir xətt boyunca düzülməsi nəzərdə tutulur. Əslində planetlər kosmosda bir-birinə yaxınlaşmır və aralarındakı məsafə dəyişmir. Sadəcə olaraq, onların orbitləri elə mövqedə olur ki, Yer kürəsindən baxarkən səmanın müəyyən hissəsində bir arada görünürlər. Bu, yalnız ­vizual və proyeksiya xarakterli  hadisədir. Planetlərin hamısı Günəş ətrafında təxminən eyni müstəvidə – ekliptika müstəvisində hərəkət etdiyinə görə biz onları səmanın eyni zolağı boyunca müşahidə edirik.
Astronomiyada belə düzülüşlər planetlərin sayına görə təsnif edilir. Fevralın 28-də altı planetin eyni vaxtda müşahidə olunması bu hadisəni “böyük parad” kateqoriyasına daxil edir. Belə düzülüşlər orta hesabla 10–20 ildən bir baş versə də, axşam saatlarında və müşahidə üçün əlverişli şəraitdə baş verməsi daha nadir hal sayılır.
Həmin axşam dörd planet adi gözlə görünəcək. Venera səmanın ən parlaq obyektlərindən biri kimi asanlıqla seçiləcək və digər planetləri tapmaq üçün yaxşı istinad nöqtəsi rolunu oynayacaq. Yupiter də parlaq şəkildə diqqət çəkəcək və səmanın daha yüksək hissəsində yerləşəcək. Saturn sabit işığı ilə ulduzlardan fərqlənəcək. Merkuri isə Günəşə yaxın orbitdə hərəkət etdiyi üçün həmişə üfüqə yaxın görünür.
Uran və Neptun isə daha uzaq yerləşdiklərinə görə binokl və ya teleskop tələb edir. Xüsusilə Ayın işıqlı fazada olması zəif görünən planetlərin seçilməsini çətinləşdirə bilər. Bununla belə, hava şəraiti əlverişli olduqda və işıq çirkliliyi az olan ərazidə müşahidə aparıldıqda altı planetin eyni vaxtda görünməsi mümkün olacaq.
Müşahidə üçün ən uyğun vaxtın Günəş batdıqdan təxminən 30 dəqiqə sonra olduğunu vurğulayan müsahibim əlavə etdi ki, bu zaman səma kifayət qədər qaralır, lakin planetlər hələ üfüqə çox yaxın enmirlər. Atmosferin aşağı qatları səma cisimlərinin işığını zəiflədib səpələdiyi üçün planet üfüqə nə qədər yaxın olarsa, onu görmək bir o qədər çətinləşir. Buna görə də qərb istiqamətində açıq və maneəsiz üfüqə malik ərazilər, xüsusilə şəhər işıqlarından uzaq məkanlar daha əlverişlidir.
Qeyd etmək vacibdir ki, bu cür düzülüşlər Yerə və ya onun üzərində yaşayan canlılara heç bir fiziki təsir göstərmir. Planetlərin cazibə təsiri bu vəziyyətdə dəyişmir, iqlim və ya seysmik proseslərə təsir baş vermir. Bu hadisə yalnız müşahidə xarakterli astronomik hadisədir və tamamilə təhlükəsizdir.
Planetlərin çoxluqla görünməsi bir neçə gün davam edə bilər, çünki onların səma üzrə hərəkəti tədrici xarakter daşıyır. Lakin fevralın 28-də onların daha sıx qruplaşmış vəziyyətdə görünməsi, eyni anda bir neçə planeti müşahidə etmək  elmi baxımdan da maraqlıdır. Bu nadir səma mənzərəsi insanı Günəş sisteminin quruluşu və kainatdakı yerimiz haqqında daha dərindən düşünməyə sövq edir.

Mustafa KAMAL
XQ

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr