AZ

"Müharibənin ilk gününün nəticələri: İsrailin üstünlüyü və İranın strateji səhvi" - BBC

"Xameneinin öldürülməsi, regiona yayılan zərbələr və ABŞ-ın münaqişəyə açıq qoşulması fonunda ilk 24 saatın mənzərəsi..."

Fevralın 28-i səhər saatlarında israillilər mobil telefonlarında İranla müharibənin başlandığını bildirən siqnal alıblar. Qarşıdurma uzun müddətdir gözlənilsə də, hücuma ABŞ-ın deyil, İsrailin başlaması, əməliyyatın Ramazan ayında və şabat səhəri həyata keçirilməsi gözlənilməz olub.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Nəşr yazır ki, İsrail bir neçə dalğada genişmiqyaslı hava zərbələri endirib. Axşam saatlarında İranın ali rəhbəri Əli Xameneinin öldürüldüyü açıqlanıb. Onunla yanaşı, Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani, SEPAH-ın quru qoşunlarının komandanı Məhəmməd Pakpur, müdafiə naziri Əziz Nəsirzadə və digər yüksək rütbəli şəxslərin də məhv edildiyi bildirilib.

İsrail HHQ İranın HHM sistemini, raket bazalarını və anbarları hədəfə alıb. Komandan Tomer Bar əməliyyatda eyni vaxtda 200 təyyarənin iştirak etdiyini və təxminən 500 obyektə zərbə endirildiyini deyib. ABŞ prezidenti Donald Tramp və baş nazir Benyamin Netanyahu iranlıları hərəkətə çağırıblar.

İranın raket taktikası və ilk itkilər

İran bu dəfə kütləvi yaylım atəşi əvəzinə hər bir neçə dəqiqədən bir az sayda raket buraxaraq İsraili hava həyəcanları ilə yormaq taktikasını seçib. Bu üsul arsenalı qorumağa imkan versə də, İsrailin RƏM sistemi tək raketləri asanlıqla zərərsizləşdirib.

Axşam saatlarında isə İran 15-20 raketlik yaylım atəşləri ilə İsrailin mərkəzini vurub. Təl-Əvivdə birbaşa zərbə və qəlpə düşməsi qeydə alınıb. Gün ərzində 90-dan çox yaralı olsa da, onların əksəriyyəti panika zamanı xəsarət alıb. Gecə saatlarında bir nəfər vəfat edib - bu, ikinci İran-İsrail müharibəsinin ilk qurbanıdır.

Strateji səhv və ABŞ-ın açıq iştirakı

İran Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı və digər ölkələrdəki ABŞ bazalarını da atəşə tutub, hətta mülki obyektlər hədəfə çevrilib. Dubaydə dron hotelə çırpılıb, o cümlədən məşhur "Burj Al Arab"da yanğın baş verib. Bu addım İran üçün ciddi strateji səhv kimi qiymətləndirilir, çünki neytrallığa meylli ərəb ölkələri mövqelərini sərtləşdiriblər.

ABŞ ilk saatlarda arxa planda qalsa da, gecəyə yaxın İran üzərində hava üstünlüyü əldə olunduqdan sonra prosesə daha fəal qoşulub və nüvə obyektlərinə mümkün zərbələr gözlənilir. Xameneinin aradan götürülməsi mühüm simvolik zərbədir, lakin İran teokratik sistemdir və yeni ali rəhbər seçilə bilər. 

Buna baxmayaraq, rəhbərin ölümü rejim tərəfdarlarını çaşdıra, əleyhdarları isə ruhlandıra bilər. İran hakimiyyəti artıq interneti məhdudlaşdırıb və etirazları sərt şəkildə yatırmağa başlayıb. Netanyahu müharibənin "lazım olduğu qədər" davam edəcəyini deyib. Tramp isə onun həm uzun, həm də qısa ola biləcəyini bildirib. İsrail ordusu ilkin olaraq üç həftəlik müddət proqnozlaşdırır.

Seçilən
23
1
moderator.az

2Mənbələr