AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Bayıl stadionunda keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
Rekord.az xəbər verir ki, üç gün davam edən kurs nəzəri və praktiki hissələrdən ibarət olmaqla, iştirakçıların məşqçilik sahəsində ilkin bilik və bacarıqlarının formalaşdırılmasına yönəlib.
Tədris proqramı çərçivəsində müasir məşq metodikası, uşaq və yeniyetmələrlə iş prinsipləri, məşq prosesinin planlaşdırılması, təhlükəsizlik qaydaları, eləcə də kütləvi futbolun əsas prinsipləri iştirakçılara ətraflı şəkildə izah olunub. Praktiki məşğələlər zamanı isə məşqçilər əldə etdikləri bilikləri meydanda tətbiq etmək imkanı qazanıblar.
Kursun son günündə keçirilən bağlanış mərasimində AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov iştirak ediblər. Çıxış edən rəsmilər ölkədə kütləvi futbolun və uşaq futbolunun inkişafında ixtisaslı məşqçilərin rolunu xüsusi vurğulayaraq, kurs iştirakçılarını uğurla başa vurduqları təlim münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, bu cür kurslar regionlarda və paytaxtda futbol infrastrukturunun gücləndirilməsinə, həmçinin məşqçi potensialının artırılmasına mühüm töhfə verir.
Daha sonra kursun təşkilində fəal iştirak edən əməkdaşlar Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov tərəfindən təşəkkürnamə ilə təltif olunublar. Sonda “D” kateqoriyalı məşqçi kursunu uğurla başa vuran iştirakçılara müvafiq lisenziyalar təqdim edilib.
Qeyd edək ki, bu lisenziya məşqçilərə gələcəkdə daha yüksək kateqoriyalı kurslarda iştirak etməsi üçün ilkin mərhələ hesab olunur.