
İran rejimi məğlub oldu. Hazırda müqaviməti davam etdirmələri, sağa-sola raket atıb dron göndərmələri sadəcə olaraq, ABŞ-la müzakirələrə əliboş yox, müəyyən gücə sahib tərəf kimi oturmaqdan başqa bir məqsəd daşımır.
Öz rəhbərini qoruya bilməyən, onunla birlikdə İslam İnqilabı Keşikçiləri Korpusunun komandanını, müdafiə nazirini, Baş Qərargah rəisini, Təhlükəsizlik Şurası katibini və digər yüksək vəzifəli şəxsləri bir zərbə ilə itirmiş, içəridə xalqın dəstəyini ala bilməyən, xarici müttəfiqi olmayan rejimin bundan sonra dirənişə uğurla davam etməsi imkansızdır.
İranda 47 illik "islam inqilabı" dövrü felən (de-fakto) qapanmaq üzrədir. Bu, dərhal radikal sistem dəyişikliyi olacağı və köklü islahatlar aparılacağı anlamına gəlmir. Amma bundan sonra heç nə əvvəlki kimi ola bilməz. Daxildə tədrici dəyişiklik və yumşalmalar qaçılmazdır.
Ölkədə ümumiəfv elan edilərək bütün siyasi məhbusların azadlığa buraxılması, siyasi fəaliyyəti yasaqlanmış şəxslərin siyasi həyata yenidən vəsiqə alması, mühacirlərin qayıdışına icazə verilməsi zaman məsələsidir. Şah rejiminin bərpası mümkün deyil. Yeganə model demokratik respublikadır.
Keçid administrasiyası Musəvinin təklif etdiyi kimi, milli konsensus əsasında Konstitusiya layihəsi hazırlayaraq referenduma çıxarmalıdır. Vilayəti-fəqih sisteminin demontaj edilməsi, ali rəhbər təsisatı və digər qeyri-legitim qurumların ləğvi, bütün güc strukturlarının seçilmiş hökumətə tabe etdirilməsi İran üçün ən yaxşı yol xəritəsi olar.
İran çox zəngin təbii sərvətlərə malik ölkədir, yetişmiş insan potensialına da sahibdir. Dünyaya açılarsa, sürətlə inkişaf etmək potensialı var.