AZ

İllinoys Universitetində Xocalı həqiqətlərindən danışılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton, 1 mart, AZƏRTAC

ABŞ-nin İllinoys Universitetinin Urbana-Şampeyn kampusunda “Xocalı: Həqiqət, yaddaş və gələcək nəsillər” adlı elmi-maarifləndirici konfrans keçirilib. A

AZƏRTAC xəbər verir ki, tədbiri İllinoys Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası təşkil edib. Konfrans Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi (ACMA) və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə rallaşıb.

Tədbirin məqsədi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək, tələbələr və ictimaiyyət arasında tarixi həqiqətlərin təbliği, maarifləndirmə və akademik müzakirələrin təşviqi olub. Konfransda icma üzvləri, tələbələr, tədqiqatçılar və Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Tədbirin əvvəlində Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin həmtəsisçisi Mehriban Məmmədova qonaqları salamlayaraq qeyd edib ki, təşkilat hər il bu kimi maarifləndirici anım tədbirləri keçirir. O, ötən il oxşar akademik konfransın Çikaqo şəhərində “Harper College”də təşkil olunduğunu vurğulayıb.

ACMA-nın təsisçisi və tədbirin təşkilati dəstəkçilərindən Fərid Məmmədov Xocalı faciəsinin unudulmamasının, tarixi həqiqətlərin öyrədilməsinin və dezinformasiyaya qarşı maarifləndirmənin vacibliyini qeyd edib.

Konfrans İllinoys Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının nümayəndəsi Riyad Babayevin moderatorluğu ilə davam edib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Vüsalə Mehdiyeva humanitar dəyərlərin qorunmasının, mülki əhalinin müdafiəsinin və gənc nəsillərin bu kimi faciələr barədə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

Tələbə-məruzəçi Nəzrin Məmmədova Xocalı faciəsinin tarixi aspektləri və gələcək nəsillərin tarixi yaddaşı qoruma məsuliyyəti barədə təqdimat edib. Təqdimat çərçivəsində Xocalı şahidinin video müraciəti nümayiş olunub.

Beynəlxalq təhlükəsizlik üzrə ekspert Əli Məmmədov 1990-cı illərin əvvəllərində regiondakı təhlükəsizlik vəziyyəti, münaqişənin geosiyasi fonu və silahlı münaqişələrin mülki əhaliyə təsiri barədə danışıb. Hüquq üzrə ekspert Səmayə Həbibova isə beynəlxalq humanitar hüquq normaları, müharibə cinayətləri üzrə məsuliyyət və mülki şəxslərin qorunması prinsipləri barədə hüquqi yanaşmanı təqdim edib. O, hadisələrin sənədləşdirilməsinin və akademik tədqiqatların qlobal məlumatlılığın artırılmasında rolunu vurğulayıb.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
azertag.az

1Mənbələr