AZ

Səyyad Əliyev Rusiyada yüksək ordenlə təltif olundu

Rusiyada yaşayan həmyerlimiz, Leninqrad vilayətinin Qanunvericilik Məclisinin sədr müavini, deputat Səyyad Əliyev yüksək ordenlə təltif olunub.

Publika.az xəbər verir ki, o, Rusiya Prezidentinin fərmanı ilə “Vətən qarşısında xidmətlərinə görə” ordeninin II dərəcəli medalı ilə təltif olunub.

Qeyd edək ki, Səyyad Əliyev 1967-ci ildə Azərbaycanın Cəlilabad rayonunun Zopun kəndində anadan olub. Ali təhsilini Leninqradda (İndiki Sankt-Peterburq-red.) alıb. Əmək fəaliyyətinə 80-ci illərdə başlayan S.Əliyev, bir çox müəssisə və zavodlarda çalışıb. O, taxta məmulatlarının montajçısından rəhbər vəzifələrə qədər yüksəlib.

Eyni zamanda, S.Əliyev aktiv ictimai fəaliyyətlə məşğul olub. 2005-ci ildə S.Əliyev Leninqrad vilayətinin Vsevolojsk rayonunun “Dubrovskoe şəhər qəsəbəsi”nin bələdiyyə qurumunun Deputatlar Şurasının sədri və həmin bələdiyyə qurumunun başçısı seçilib. 2009-cu ildə isə “Dubrovskoe şəhər qəsəbəsi”nin birinci və ikinci çağırış başçısı vəzifəsinə və bələdiyyə deputatı seçilib. Geniş təcrübə və peşəkarlığa malik olan S.Əliyev, 2011-ci ildə Leninqrad vilayətinin Qanunvericilik Məclisinin V çağırış deputatı, 2016-cı ildə VI çağırış deputatı, 2021-ci ildə isə VII çağırış deputatı seçilib. O, Leninqrad vilayətinin Qanunvericilik Məclisinin bir çox komitələrinin fəal üzvü olaraq fəal qanunvericilik fəaliyyətində iştirak etməkdədir.

Seçilən
5
9
publika.az

10Mənbələr