AZ

TDT Baş katibi: Türk regionu Avropa və Asiyanı birləşdirən strateji körpü rolunu oynayır  

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Litvanın paytaxtı Vilnüsdə yerləşən Geosiyasət və Təhlükəsizlik Araşdırmaları Mərkəzində təşkil olunan və həmin mərkəzin Baş siyasət analitiki səfir Vitautas Leşkeviçusun moderatoruq etdiyi “Türk Dövlətləri Təşkilatı vasitəsilə əməkdaşlıq və bağlantıların gücləndirilməsi — Türk dövlətləri ilə Baltikyanı region arasında daha yaxın əlaqələr üçün imkanlar” adlı beynəlxalq panel müzakirəsində iştirak edib.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman, TÜRKPA-nın Hüquqi məsələlər və beynəlxalq əlaqələr üzrə komissiyasının üzvü və Milli Məclisin deputatı Cavanşir Feyziyev, həmçinin Litva xarici işlər nazirinin müavini Taurimas Valis də müzakirələrdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, TDT-nin, həmçinin ölkədə fəaliyyət göstərən digər türk dövlətləri təşkilatlarının təşviqi, Baltikyanı region ilə türk dövlətləri arasındakı əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi mövzuları ətrafında müzakirələr aparılıb.

Baş katib Ramil Həsən çıxışında Baltikyanı ölkələrin uzun müddətdir regionları birləşdirən körpü rolunu oynadığını və bu əlaqəliliyin regional əməkdaşlığı gücləndirdiyini vurğulayıb. O, TDT-nin Baltikyanı ölkələri ilə əlaqələrin inkişaf etdirilməsində əsas amillərdən biri olaraq türk dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rolu qeyd edib.

Ramil Həsən, həmçinin Azərbaycan və Qazaxıstanın TDT-nin üzvləri olaraq, Türkiyə vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Bu kontekstdə, o, türk regionunun unikal mövqeyinə görə Avropa və Asiyanı birləşdirən körpü rolunu oynadığını, bazarları və nəqliyyat dəhlizlərini birləşdirdiyini və strateji əhəmiyyətli regionda sabitliyin təminatçısı olduğunu diqqətə çatdırıb.

Son hadisələrə istinad edən TÜRKPA-nın Baş katibi Azərbaycan və Ermənistan arasında münasibətlərin indiki mərhələsini, o cümlədən sülh sazişi üzrə ilkin razılaşma prosesinin tamamlanmasını vurğulayıb. İki ölkə arasında əlaqələrin yaxşılaşdırılması kontekstində o, regionda formalaşan iqtisadi və enerji təşəbbüslərinin Cənubi Qafqaz, Baltik ölkələri və Avropa İttifaqı üzrə yeni inkişaf və əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

Ramil Həsən xüsusi olaraq Avropadakı ən iri infrastruktur layihələrindən biri olan “Baltik dəmiryolu” (Rail Baltica) layihəsini qeyd edərək, layihənin Baltik regionunun strateji qapı rolunu gücləndirdiyini və Avropa nəqliyyat şəbəkələrini Avrasiya dəhlizləri ilə birləşdirmək üçün imkanlar yaratdığını diqqətə çatdırıb. O, TÜRKPA-nın bu əməkdaşlığı yüksək qiymətləndirdiyini və regionda formalaşan yeni geosiyasi və iqtisadi reallıqlara uyğun olaraq onu gücləndirməyi hədəflədiyini bildirib.

Çıxışının sonunda, Baş katib TURKPA-nın model qanunlarının qəbul edilməsi barədə məlumat verərək, onların qanunvericiliyin uyğunlaşdırılmasına töhfə verdiyini və razılaşdırılmış sənədlərin ratifikasiya olunmuş hüquqi aktlara çevrilməsinin əməkdaşlığın sürətləndirilməsi və türk dövlətləri arasında effektiv iqtisadi inteqrasiya və enerji əlaqəliliyinin təmin edilməsi üçün zəruri çərçivənin yaradılmasında katalizator rolunu oynadığını vurğulayıb. Cənab Ramil Həsən TÜRKPA-nın ATƏT Parlament Assambleyası kimi təşkilatlarla əməkdaşlıq etdikcə, onun Baltik Assambleyası ilə tərəfdaşlığı yeni səviyyəyə qalxacağını və birgə layihələrin gələcəkdə əhəmiyyətli faydalar gətirəcəyinə inandığını bildirib.

Tədbirdə Baş katibi Protokol xidmətinin müdiri Yadigar Məmmədov müşayiət edib.

Seçilən
0
2
azerbaijan-news.az

3Mənbələr