Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqlar fonunda müxtəlif siyasi bəyanatlar yenidən ictimai müzakirələri alovlandırır. Xüsusilə, erməni siyasi dairələrində səsləndirilən bəzi fikirlər regionda formalaşmaqda olan yeni siyasi reallıqların necə qəbul edildiyini göstərir. Son günlər erməni siyasi şərhçi Suren Surenyantsın “300 min azərbaycanlının Ermənistana qayıdışı” ilə bağlı açıqlaması həm ekspertlər, həm də ictimaiyyət arasında geniş rezonans doğurub. Bir tərəfdən sülh sazişi üzrə danışıqların davam etdiyi, kommunikasiyaların açılması və qarşılıqlı etimad mühitinin formalaşdırılması istiqamətində addımların atıldığı bir mərhələdə belə bəyanatların səslənməsi diqqət çəkir. Digər tərəfdən isə bu cür fikirlərin real siyasi proseslərin tərkib hissəsi olub-olmaması, yoxsa daxili siyasi məqsədlərə xidmət edib-etmədiyi sual doğurur.
Bəs “300 min azərbaycanlının Ermənistana qayıdışı” ilə bağlı səsləndirilən bu fikirlər real siyasi prosesin başlanğıcıdır, yoxsa regionda davam edən normallaşma prosesinə təsir göstərməyə hesablanmış siyasi mesajdır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əli Mustafa bildirib ki, bu yanaşma daha çox təxribat xarakteri daşıyır və hazırkı siyasi proseslərin mahiyyətini əks etdirmir.

Əli Mustafa
“Hazırda Azərbaycan ilə Ermənistan arasında bir sıra istiqamətlər üzrə anlaşma və razılaşmalar mövcuddur və münasibətlərdə nisbətən müsbət dinamika müşahidə olunur. Əməkdaşlıq imkanları genişlənir və sülh sazişinin imzalanması istiqamətində addımlar davam edir.
Belə bir mərhələdə səsləndirilən açıqlamalar münasibətlərin normallaşmasına mane olmaq məqsədi güdür. Xüsusilə, Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda Baş nazir Nikol Paşinyanın siyasi mövqeyinə təsir etməyə yönəlmiş ola bilər”.
Politoloq vurğulayıb ki, tarixi baxımdan azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsi prinsipial olaraq mümkün mövzulardan sayılsa da, hazırda bu məsələ aktiv siyasi gündəmdə deyil.
“Regionda uzun illər mövcud olmuş problemlərin, o cümlədən anklav kəndləri və digər mübahisəli məsələlərin həlli gələcək mərhələlərdə tərəflərin qarşılıqlı razılaşması əsasında müzakirə oluna bilər.
Azərbaycanın müəyyən tələblər irəli sürməsi təbiidir, lakin bu kimi həssas mövzulara emosional reaksiyalar vermək revanşist qüvvələrin mövqeyini gücləndirər. Buna görə də bəzi məsələlərin zamanın öhdəsinə buraxılması daha məqsədəuyğun hesab olunur”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.