AZ

Qətər öz ərazisinin və digər ərəb ölkələrinin hədəf alınmasını qətiyyətlə pisləyib

Qətər Dövləti İranın ballistik raketlərlə Qətər ərazisini hədəfə almasını qətiyyətlə pisləyib və bunu ölkənin milli suverenliyinin kobud şəkildə pozulması, təhlükəsizliyinə və ərazi bütövlüyünə birbaşa təhdid, həmçinin regionun təhlükəsizliyi və sabitliyini riskə atan qəbuledilməz eskalasiya kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qətər XİN-nin bəyanatında bildirilib.

Bəyanatda vurğulanır ki, Qətər Dövləti beynəlxalq hüquqa uyğun olaraq və hücumun xarakterinə mütənasib şəkildə öz suverenliyini, təhlükəsizliyini və milli maraqlarını müdafiə etmək üçün cavab vermək hüququnu tam şəkildə özündə saxlayır.

Nazirlik bildirib ki, Qətər Dövləti İran İslam Respublikası ilə dialoqun tərəfdarı olan ilk ölkələrdən biri olub və fikir ayrılıqlarının aradan qaldırılması, mübahisələrin sülh yolu ilə həlli və regionun eskalasiya risklərindən qorunması üçün dialoqun ən uyğun əsas olduğunu daim müdafiə edib.

Qeyd olunub ki, Qətər ərazisinin hədəfə alınması mehriban qonşuluq prinsipləri ilə uzlaşmır, heç bir bəhanə və əsasla qəbul edilə bilməz. Qətər Dövləti hər zaman regional münaqişələrdən uzaq durmağa çalışıb və İran tərəfi ilə beynəlxalq ictimaiyyət arasında dialoqu asanlaşdırmağa səy göstərib. Lakin ərazisinin yenidən hədəfə alınması xoş niyyət göstəricisi deyil və iki ölkə arasındakı münasibətlərin əsaslandığı anlaşma zəminini təhlükə altına qoyur.

Xarici İşlər Nazirliyi, həmçinin İranın təcavüzkar hücumu çərçivəsində Küveyt Dövləti, Birləşmiş Ərəb Əmirlikləri Dövləti, İordaniya Haşimilər Krallığı və Bəhreyn Krallığının suverenliyinin pozulmasını da pisləyib və Qətər Dövlətinin bu qardaş ölkələrlə onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdıqları bütün addımlarda tam həmrəy olduğunu təsdiqləyib.

Bəyanatın sonunda eskalasiya xarakterli fəaliyyətlərin dərhal dayandırılmasına, dialoq masasına qayıdılmasına, ağıl və müdriklik dilinə üstünlük verilməsinə, eləcə də böhranın həll olunmasına yenidən çağırış edilib.

Seçilən
0
4
xalqqazeti.az

5Mənbələr