ain.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.
“Diplomatiyanın “qızıl qayda”sıdır: danışıqlar masasından minimum nəticəylə qalxmaq üçün stol arxasına maksimum tələblərlə əyləşməlisən! Hazırda böyük gərginliklərlə müşayiət olunan ABŞ-İran danışıqlarında da hər iki tərəf eyni qaydanı tətbiq edir. Reallıqda isə ABŞ-yə İranın hərbi nüvə proqramını dayandırmaq, İrana isə iqtisadiyyatını çökdürmüş sanksiyalardan tezliklə yaxa qurtarmaq gərəkdir! Hər iki tərəf də qarşısındakının nəyə daha çox ehtiyacının olduğunu, daxili siyasi vəziyyətini və anlaşma zamanının xeyli daraldığını gözəl anlayır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib.
Onun sözlərinə görə, özünü təkcə ABŞ-nin yox, bütün dünyanın xilaskarı sayan, narsist xarakterli prezident Tramp üçün əvvəlki amerikalı prezidentlərin çox çalışdıqları, ancaq bacarmadıqları bir problemi həll etmək – İranın nüvə silahına sahib olmasının qarşısını almaq fövqəladə dərəcədə üstünlük gətirəcək bir məsələdir:
“Çünki respublikaçı və ya demokrat olmasından asılı olmayaraq, ABŞ-də yaxşı anlayırlar ki, şiə məzhəbli İranın nüvə silahı əldə etməsi zəncirvari qaydada sünni məzhəbli Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin də nüvə texnologiyasına sahiblənmək istəyini stimullaşdıracaq və beləcə, birdən-birə İslam coğrafiyasının 5 aparıcı ölkəsinin nüvə dövlətinə çevrilməsinə gətirib çıxaracaq. Bu isə təkcə İsrailin sonu deyil, zəngin sərvətlərə və strateji coğrafiyaya sahib Yaxın və Orta Şərqin gələcəkdə xristian və yəhudilərin təsirindən tam çıxması deməkdir. İranın nüvə proqramını dayandırmağı bacarsa, Tramp bütün xristianları və yəhudiləri müsəlmanlardan xilas etdiyi təbliğatıyla ABŞ-dəki Konqres seçkilərində respublikaçıların qələbəsini təmin etməyə və impiçment təhlükəsini də aradan qaldırmağa müvəffəq ola bilər”.
O, bildirib ki, Trampın ABŞ-də mövqeyinin güclü olması isə indi hamıdan çox Rusiya prezidenti Putinə gərəkdir:
“O Putinə ki, Trampın timsalında ABŞ-ni Rusiyanın nəinki Ukraynada, gələcək dünya nizamında da rolunu və maraqlarını qəbul edən potensial müttəfiq kimi görür, eyni zamanda, İranın nüvə silahına sahib olmasının Rusiyanın bütün cənub sərhədlərini təhlükəyə atacağını da yaxşı dərk edir. Bu baxımdan, gözlənilir ki, Cənubi Qafqazda – Azərbaycanla Ermənistan arasındakı sülh mühitinin yaradılmasında və Ukraynanın bölüşdürülməsi planlarında müşahidə olunan Tramp-Putin əməkdaşlığı İranın nüvə məsələsinin həllində də təkrarlansın. Uzun illər Omanda aparılan ABŞ-İran məxfi danışıqlarında əsas müzakirə predmetlərindən biri İranın indiyədək zənginləşdirdiyi uranın hissə-hissə Rusiyaya daşınması, ancaq İranın mülkiyyətində qalması, rəsmi Tehranın isə mülki nüvə enerjisindən istifadə hüququnun saxlanması təklifi idi və İranın digər müttəfiqi Çin də nəzarətin Rusiyaya verilməsinə etiraz etmirdi. Ali Dini Lider Xameneyinin nüvə silahıyla bağlı fətvasının mövcudluğuna baxmayaraq, hazırda İranın danışıqlarda hansı həddədək geri çəkildiyi, nəyə razılaşıb-razılaşmadığı məlum deyil və hələlik ABŞ-İsrail tandeminin təhdidlərinə eyni üslubda cavab verməklə danışıqlar prosesini daha bir müddət uzatmağa, Tramp üçün daralan zaman aralığında əlverişli şərtlərlə saziş imzalamağa çalışdığı aşkar görünür”.
E.Şükürlü deyib ki, İran ətrafına indiyədək görünməmiş miqyasda hərbi qüvvə cəmləşdirən amerikalılar da uğursuz hərbi əməliyyatın Trampın mövqeyinə çox ciddi zərbə olacağının fərqindədilər:
“Xüsusən də Çinin verdiyi texnologiyaların ABŞ bazalarına, təyyarədaşıyan gəmilərinə yaratdığı təhlükə və Hörmüzün bağlanacağı qorxusu amerikalıları irimiqyaslı əməliyyatlara başlamaqda tələsməməyə, ancaq "maksimum təzyiq" siyasətini davam etdirməyə sövq edir. ABŞ-İsrail tandemi 2025-ci ilin iyunundakı 12 günlük savaşda, eləcə də bu ilin yanvarındakı kütləvi iğtişaşlarda İrana ciddi zərbə vursalar da, çevriliş etməyi və Vilayəti-fəqih sistemini yıxmağı bacarmadılar. ABŞ kəşfiyyatının hesabatlarında açıq şəkildə vurğulanır ki, yeni hərbi əməliyyatların da sistem dəyişikliyinə gətirib çıxaracağı gözlənilmir: kritik situasiyada ideoloji dövlət olan İran artıq xeyli yaşlanmış liderini mübhəm və mistik bir ssenariylə əvəzləməyə - varis əməliyyatına gedəcək, mövcud sistemsə özünü daha gənc və islahatçı dini liderin timsalında qoruyub saxlayacaq. Əgər amerikalılar Ukraynanı qurban etmək hesabına Putin Rusiyası ilə yaxınlaşmağı bacardıqları kimi, İranla da nüvə mövzusunda əlverişli sövdələşmə imkanı əldə edəcəklərsə, bu, Çinə ucuz neft və digər xammal satışını həyata keçirən daha bir ölkənin qapılarının ABŞ kapitalının üzünə açılması demək olacaq və Trampın ABŞ daxilində mövqelərini xeyli gücləndirəcək”.
Vasif ƏLİHÜSEYN
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.