Lənkəran Dövlət Universitetində (LDU) 2025-ci ilin yanvar imtahan sessiyası ilə bağlı tələbələr arasında narazılıq yaranıb. İddialara görə, imtahandan uğurla keçmiş bəzi tələbələrin nəticələri sessiyadan təxminən iki ay sonra dəyişdirilərək “kəsildi” kimi qeyd olunub.
Tələbələr qeyd edib ki, ilkin olaraq müsbət qiymət aldıqları fənlər üzrə nəticələr sonradan heç bir rəsmi və əsaslı izah təqdim olunmadan ləğv edilib.
Sözügedən məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı Lənkəran Dövlət Universitetinə (LDU) sorğu ünvanlayıb.
Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, LDU-da obyektivliyi, şəffaflığı tam təmin etmək məqsədilə hər semestr imtahan sessiyası müddətində və sessiya başa çatandan sonra növbəti semestr ərzində imtahan yazı vərəqələrinin təkrar yoxlanması aparılır:
"İmtahan nəticələrinin saxtalaşdırılaraq şişirtmə qiymətlərin yazılması, imtahan biletindəki suallara aidiyyəti olmayan cavabların yazılması ilə bağlı əsaslı faktlar müəyyən ediləndə həmin tələbələrin imtahan nəticələri ləğv edilir və bu barədə tələbələr məlumatlandırılır. Eyni zamanda imtahan suallarını daha yaxşı şəkildə cavablandırıb aşağı qiymət yazılmış yazı işləri müəyyən edildikdə obyektiv şəkildə təkrar qiymətləndirmə aparılır.
Təkrar yoxlamalar universitetin daxili siyasətidir, heç bir tələbənin hüququnu məhdudlaşdırmır, əksinə imtahan yazı vərəqlərini daha yaxşı yazan tələbələrin müəyyənləşdirilməsinə şərait yaradır, nəticədə tələbələrə təqaüdlərin verilməsində obyektivlik təmin olunur".