ain.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.
“START-ın sonu - silahlanma yenidən START götürəcəkmi?
Dünya üçün gerisayım - Müqaviləsiz nüvənin təhdidi qırmızı xəttləri silir
XXI əsrdə bəşəriyyət elmi-texniki tərəqqinin zirvəsinə yüksəlsə də, paradoksal olaraq öz mövcudluğunu sual altına alan ən böyük təhlükələrdən biri ilə - qlobal nüvə təhdidi ilə üz-üzə qalmaqda davam edir. BMT tərəfindən dəfələrlə bəyan edildiyi kimi, nüvə silahlarının yayılması və modernləşdirilməsi beynəlxalq təhlükəsizlik sistemində dərin çatlar yaradır. Soyuq müharibənin başa çatması ilə formalaşan nisbi sabitlik illüziyası XXI əsrdə artıq öz yerini yenidən güclənən geosiyasi rəqabətə, regional münaqişələrə və hərbi doktrinalarda nüvə faktorunun açıq şəkildə qabardılmasına verib.
Tarix göstərir ki, NATO ilə Varşava Paktı arasında yaşanan qarşıdurma illərində dünya bir neçə dəfə nüvə fəlakətinin astanasına gəlib. Bu gün isə təhlükə təkcə ikiqütblü sistemlə məhdudlaşmır; yeni nüvə dövlətlərinin meydana çıxması, mövcud arsenalın texnoloji cəhətdən təkmilləşdirilməsi və silahlara nəzarət mexanizmlərinin zəifləməsi riskləri daha da artırır. Nüvə başlıqlarının sayının azaldılması ilə bağlı razılaşmaların pozulması və ya icrasının sual altına düşməsi beynəlxalq etimadı sarsıdır.
“START” verilən kimi...
ABŞ ilə Rusiya arasında nüvə silahlarına nəzarət üzrə müqavilənin müddətinin bitməsindən artıq 23 gün ötür. Müqavilənin yenilənməsi və ya hansısa bir formada təzahür etməsi istiqamətində işlər görülsə də, danışıqlar aparılsa da, real nəticələrin əldə olunmaması bütün bəşəriyyəti narahat etməkdədir. Qeyd edək ki, bu müqavilənin əsası hələ “ikiqütblü dünyanın” mövcud olduğu dövrdə, yəni 1990-cı illərin əvvəlində qoyulub. Nüvə silahlarına nəzarət üzrə birinci saziş SSRİ ilə ABŞ arasında 1991-ci ilin 31 iyulunda imzalanıb. İttifaqın dağılması ilə müqavilə də yenilənib - 1993-cü ilin 3 yanvarında Corc Buş Rusiyanın sabiq prezidenti Boris Yeltsin ilə oxşar məzmunlu müqaviləni - START 2-ni imzalayıb.
Müqavilənin müasir məzmunu isə yaxın keçmişdə, 2010-cu ildə müəyyənləşib. Belə ki, Yeni START müqaviləsi (START3 adlanır) 2010-cu ildə Praqada o zamankı Rusiya prezidenti Dmitri Medvedev ilə dövrün ABŞ dövlət başçısı Barak Obama tərəfindən imzalanıb. Müqavilə nüvə arsenalları digər dövlətlərinkindən qat-qat artıq olan Rusiya və ABŞ-ın strateji hücum silahları üçün kəmiyyət və keyfiyyət çərçivələrini müəyyən edən əsas mövcud sazişdir. Sənəd yerləşdirilmiş nüvə başlıqlarının hər tərəf üçün 1550-yə, qitələrarası ballistik raketlərin, sualtı qayıqlardan buraxılan ballistik raketlərin və ağır bombardmançı təyyarələrin isə 700-ə endirilməsini nəzərdə tuturdu. Nüvə obyektlərinin yoxlanılması qarşılıqlı yoxlama vasitəsi kimi Yeni START Müqaviləsinə daxil edilmişdi. Yeni START Müqaviləsi ilkin olaraq on ildən sonra - 2021-ci ilin fevralına qədər başa çatmalı idi. Bununla belə, razılaşma onun qarşılıqlı razılaşma yolu ilə əlavə beş il müddətinə uzadılması imkanını ehtiva edirdi və bu addım atıldı. Hazırki razılaşmaya əsasən Yeni START Müqaviləsi 2026-cı il fevralın 5-də başa çatıb. Bu isə nüvə raketlərinin imkanlarını birbaşa məhdudlaşdıran sonuncu beynəlxalq müqavilənin aradan qalxması deməkdir. Siyasi mütəxəssislər bu müqavilənin müddətinin artırılmamasını dünya üçün böyük fəlakət adlandırırlar.
Xatırladaq ki, 2023-cü ilin fevralında Putin Rusiyanın Yeni START Müqaviləsində iştirakını dayandırdığını elan etmişdi. O, Moskvanın müqavilədən çıxmadığını, sadəcə, iştirakını dayandırdığını vurğulamışdı - Rusiya dövlət başçısı o zaman atdığı addımın ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının apardığı siyasətlə əlaqələndirmişdi.
“Nüvə Klubu”nda kimlər var?
Bu gün dünyanı düşündürən ən mühüm suallardan biri, “nüvə klubu” üzvlərinin arsenalındakı qlobal ölüm təhdidinin sayıdır. Son araşdırmalara görə, hazırda doqquz ölkə nüvə silahına malikdir: Rusiya, Çin, Böyük Britaniya, Hindistan, Şimali Koreya, Fransa, Pakistan, İsrail və Amerika Birləşmiş Ştatları. Qeyd etmək lazımdır ki, İsrail heç vaxt rəsmi olaraq nüvə silahına sahib olduğunu təsdiqləməyib, baxmayaraq ki, əksər beynəlxalq agentliklər bu başlıqların varlığına əmindirlər. Bundan əlavə, İsrail Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) tərəfi deyil.
Vurğulandığı kimi, son statistik rəqəmlərə əsasən dünyada ümumilikdə 12.300-dən çox nüvə döyüş başlığı mövcuddur - bunlardan yalnız 9.600-ü aktiv hərbi ehtiyat sayılır. Üzdə rəqəm çox görünsə də, bu silahların əksəriyyəti iki ölkənin “anbarlarında” yatır. Cəmi iki ölkə - Rusiya və ABŞ dünya nüvə silahlarının 86,8 faizinə sahibdirlər, silahların qalan hissəsi isə yeddi digər dövlət arasında bölünüb.
ABŞ-ın nüvə ehtiyatı
Soyuq Müharibə on illər əvvəl başa çatsa da, ABŞ hələ də böyük bir nüvə silahı ehtiyatını qoruyur. Bu, ABŞ-ın “nüvə triadası” konsepsiyası ilə uyğundur - üç nüvə çatdırılma sisteminin daimi mövcudluğunu tələb edən siyasət: sualtı qayıqlardan buraxılan ballistik raketlər (SLBM), qitələrarası ballistik raketlər (ICBM) və havadan buraxılan nüvə silahları (bombardmançılar).
Amerika Alimləri Federasiyasının (FAS) “Dünya Nüvə Qüvvələrinin Statusu 2025” hesabatına görə, Soyuq Müharibənin bitməsindən bəri arsenal əhəmiyyətli dərəcədə azaldılsa da, ABŞ hələ də 5177 döyüş başlığı saxlayır.
Silahlar üç kateqoriyaya bölünür:
- Yerləşdirilmiş döyüş başlıqları: ballistik raketlərə quraşdırılmış və bombardmançı bazalarında saxlanılan döyüş başlıqları. ABŞ-da bunlardan 1670-i var.
- Ehtiyat (anbarda): Lazım gələrsə istifadə üçün 1930 döyüş başlığı mövcuddur.
- İstismardan çıxarılan: Ümumi sayı 1477 olan bu silahlar istifadə üçün nəzərdə tutulmayıb, lakin hələ tam məhv edilməyib.
Beləliklə, ABŞ-ın 3700 istifadəyə yararlı nüvə başlığı var. ABŞ nüvə silahı texnologiyasını inkişaf etdirməyə davam edir, baxmayaraq ki, sınaqlar çoxsaylı müqavilələrlə ciddi şəkildə məhdudlaşdırılır. Bir sıra müdafiə podratçıları və dövlət qurumları raketlər və döyüş başlıqları istehsal edir və Texas və Tennessi ştatlarındakı obyektlərdə modernləşdirmə işləri aparılır. Bu, ölkənin nüvə arsenalının daimi hazırlıq vəziyyətində saxlanılmasını təmin edir.
Rusiyanın nüvə arsenalı
Bu siyahıya liderlik Rusiyaya məxsusdur. Təsadüfi deyil ki, vaxtilə SSRİ tarixin ən güclü nüvə silahı sayılan və partlayıcı gücü 50 meqaton olduğu təxmin edilən Çar Bombasını hazırlayıb sınaqdan keçirmişdi.
FAS 2025 hesabatına görə, bu gün Rusiyanın ümumi ehtiyatı 5459 döyüş başlığıdır. Rusiya arsenalı aşağıdakı kimi bölünür:
- Yerləşdirilmiş döyüş başlıqları - 1780 nüvə başlığı;
- Ehtiyat (anbarda) - 2591 döyüş başlığı;
- İstismardan çıxarılan - 1150 döyüş başlığı.
Beləliklə, Rusiyanın “rəqibindən və ən yaxın izləyicisindən” daha artıq - 4309 istifadəyə yararlı döyüş başlığı var - Rusiyanın ABŞ-dan 609 nüvə başlığı daha çoxdur, lakin bu fərq dünyanın tamamilə məhvinə səbəb ola biləcək silahların sayının fonunda az əhəmiyyət kəsb edir. ABŞ kimi, Rusiya da silahlarını müxtəlif hazırlıq vəziyyətində saxlayır: ölkədə nüvə sualtı qayıqları, strateji bombardmançı təyyarələr və lazım gələrsə, işə salmağa hazır qitələrarası ballistik raketlər var.
Qeyd edək ki, bu, hələ azaldılmış rəqəmdir - nəzərə alsaq ki, 1986-cı ildə dünyada təxminən 70374 nüvə başlığı var idi, bu gün artıq silahların əhəmiyyətli dərəcədə azaldığını görə bilərik. Nüvə başlıqlarının istismardan çıxarılması və ya məhv edilməsi prosesi isə uzun çəkdi.
Vaşinqton Pekini “dəvət edir”...
Vurğulandığı kimi, START müqaviləsinin yenilənməsi aktiv müzakirə edilir. Amma ortada yeni bir nüans var. ABŞ müqaviləyə yeni bir tərəfi, dünyanın demək olar ki, 3-cü nüvə ölkəsi sayılan Çini də cəlb etmək fikrindədir. Belə ki, ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib ki. “21-ci əsrdə əsl silahlara nəzarət sazişinin olması üçün orada Çinin iştirakı vacibdir”. O, Çinin ehtiyatlarının kəskin şəkildə artdığını bildirib və onların ABŞ və Rusiyadan hələ çox geridə qaldıqlarına dair iddialarının əlaqəsiz olduğunu əlavə edib. “Prezident qəti şəkildə inanır ki, 21-ci əsrdə hər hansı bir razılaşmanın, nüvə sazişinin qanuni olması üçün bu, üç ölkəni - ABŞ, Rusiya və Çini əhatə etməlidir.
Onlar bunu etməyə hazır olmadıqlarını açıq şəkildə bildiriblər. Amma biz buna davam edəcəyik. Düşünürük ki, belə bir razılığa gələ bilsək, dünya üçün yaxşı olar” - deyə Rubio vurğulayıb.
Xatırladaq ki, Moskva və Vaşinqton hələ 2019-2020-ci illərdə Yeni START Müqaviləsinin beş illik uzadılması barədə danışıqlar apararkən o dövrün ABŞ prezidenti Donald Tramp Pekinin müqaviləyə qoşulmasında israr edirdi. Müqavilənin 2021-ci ildən sonrakı uzadılmaması qorxusu da məhz Çin faktorundan qaynaqlanırdı. Hələ həmin dövrdə ABŞ Rusiyanı Çinə təsir göstərməyə çağırmışdı, lakin Moskva Pekinin qoşulacağı təqdirdə Böyük Britaniya və Fransanın da müqaviləyə qoşulmalı olduğunu qeyd etdi. 2021-ci ildə vəzifəyə başlayan Co Bayden administrasiyası Yeni START Müqaviləsini ön şərt olmadan imzaladı.
Çin irəliləyir...
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü ildə açıqladığı hesabatında nüvə başlıqlarının hazırlanmasında xüsusi fəal ölkə kimi Çini və KXDR-i göstərmişdi. İnstitutun ekspertləri belə nəticəyə gəlmişdilər ki, yaxın gələcəkdə nüvə ölkələri arasında arsenallarını genişləndirəcək dövlətlər məhz onlar olacaqlar. SIPRI-nin hesablamalarına görə, Çin nüvə qüvvələrini əhəmiyyətli dərəcədə artırıb: bu say 2023-cü ildə 410 idisə, 2024-cü ildə 500-ə qədər artıb. Yeni məlumatlara görə isə bu artıq 600-ə çatıb. Lakin, Amerika və Rusiya döyüş başlıqlarından fərqli olaraq, Çinin demək olar ki, bütün döyüş başlıqları buraxılış qurğularından ayrı saxlanılır və işlək vəziyyətdə deyil. Pentaqon 2025-ci il üçün Konqresə təqdim etdiyi illik hesabatında (ən son dərc olunmuş) eyni rəqəmə istinad edir - orada 2030-cu ilə qədər Çinin 1000 döyüş başlığına sahib olacağını təxmin edilir.
Analitiklər də proqnozlaşdırır ki, bu arsenal artmaqda davam edəcək - qüvvələrin necə tənzimlənməsindən asılı olmayaraq, onilliyin sonuna qədər Çin, Rusiya və ABŞ ilə eyni sayda qitələrarası ballistik raketlərə (ICBM) sahib ola bilərlər. Baxmayaraq ki, Çin hələ də bu iki ölkədən daha az nüvə başlığına sahibdir.
İlk dəfə paradda...
2025-ci ildə keçirilən hərbi paradda Çin ilk dəfə nüvə triadasının hər üç komponentini nümayiş etdirdi. Ötən il sentyabrın 3-də Pekində Yaponiya üzərində qələbənin 80-ci ildönümü münasibətilə keçirilən hərbi paradda Çin ilk dəfə olaraq bütün nüvə triadasını - quru, dəniz və hava əsaslı strateji nüvə qüvvələrini üzə çıxardı. Qeyd edək ki, Çinin yerüstü nüvə qüvvələri əsasən ballistik raketlərə (ICBM) malik mobil raket sistemlərinə qoyulub. DF-61 (Dongfeng-61 və ya “Şərq Küləyi”) əvvəllər məlum olmayan ən son ICBM-dir. Görünüşü Çinin 2020-ci ildə yerləşdirdiyi mobil versiyası olan DF-41 raketinə bənzəyir. DF-41 Çinin arsenalındakı ən güclü ICBM-dir; müxtəlif ekspert qiymətləndirmələrinə görə, o, 15.000 km-ə qədər məsafəyə on döyüş başlığı daşıya bilər. JL-3 (Julang-3 və ya “Böyük Dalğa”) 9000 km-dən çox mənzilə malik sualtı qayıqdan buraxılan ballistik raketdir (SLBM) - bu raket Çin sularından buraxılarsa, şimal-qərb kontinenti üzrə Amerika Birləşmiş Ştatlarına çata bilər. Bu silahların içində ən təccübləndirəni isə DF-5C raketi olmuşdu - maye yanacaqla işləyən raketin mənzili 20.000 km-dir - nəzərə alsaq ki, akvatorun uzunluğu 40 min km-dir, bu raket yarım dünya qövü vurmaq qabiliyyətindədir. Raket üç hissədə üç nəqliyyat vasitəsində daşınır. Onun dəqiq hansı üsulla buraxılacağı isə məlum deyil. Statistikaya görə, onun uçuş sürəti onlarla Mach (1 Mach səs sürətidir, təxminən 1200 km/saat) - DF-5C ənənəvi və ya nüvə başlıqları ilə silahlanmış birdən çox müstəqil hədəfə alına bilən geri qayıtma vasitəsi (MIRV) də daşıya bilər.
Triadanın dəniz “qolu”...
Çinin nüvə triadasının dəniz komponenti 1990-cı illərin sonlarından bəri hazırlanmış altı 094 Jin tipli SSBN-lərdən (nüvə enerjisi ilə işləyən ballistik raket sualtı qayıqları) ibarətdir. Onlar Çinin cənubundakı Hainan adasında yerləşir və əsas patrul ərazisi Cənubi Çin dənizidir. Onların ilk patrul xidməti 2015-ci ildə baş tutub.
Hər bir sualtı qayıq 12-yə qədər sualtı qayıqla buraxılan ballistik raket daşıya bilər. 2022-ci ildən bəri SSBN-lər 9000 km-dən çox mənzilə malik JL-3 (NATO-nun hesabat adı CSS-N-20) raketlərini yerləşdiriblər. Alyaska, Havay, Quam, Rusiya və Hindistandakı hədəflərə əlavə olaraq, Çin sularından buraxılan bu raketlər şimal-qərb kontinental Amerika Birləşmiş Ştatlarına çata bilər. Bu raket tək bir 425 karatlıq döyüş başlığı çatdıra bilər. Dəniz komponentinə həmçinin 7000 km-dən çox mənzilə 700 karatlıq döyüş başlığı çatdıra bilən JL-2 (NATO-nun hesabat adı CSS-N-14) raketləri daxildir.
“Ağ kitab”ın qadağası...
Bütün bunlarla yanaşı, Çin rəsmi olaraq “heç bir vaxt və heç bir şəraitdə” nüvə silahından istifadə etməyəcəyini elan etmiş iki ölkədən biridir. Bu yanaşma Çin Xalq Respublikasının Dövlət Şurası tərəfindən 2025-ci ilin noyabr ayında dərc edilmiş “Yeni Dövrdə Çində Silahlara Nəzarət, Silahsızlaşdırma və Yayılmama” adlı Ağ Kitabda öz əksini tapıb. Sənəddə deyilir: “Çin heç vaxt və heç bir şəraitdə nüvə silahından ilk istifadə etməyən ölkə kimi öz prinsipinə sadiq qalıb və qeyd-şərtsiz olaraq nüvə silahı olmayan dövlətlərə və ya nüvə silahından azad zonalara qarşı nüvə silahından istifadə etməməyi və ya istifadə etməklə hədələməməyi öhdəsinə götürür”.
Kitabda qeyd olunur ki, Çin heç vaxt digər ölkələri nüvə silahları ilə təhdid etməyib, onları xaricdə yerləşdirməyib və ya digər ölkələrə nüvə çətiri verməyib.
Vurğulandığı kimi, Pekin nüvə arsenalları haqqında məlumatı açıqlamır. Çin şəffaflığı ilk növbədə niyyətlərin aydınlığı və nüvə doktrinasının şəffaflığı kimi qəbul edir. Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin rəhbəri Fu Konq 2020-ci ildə “Kommersant”a verdiyi müsahibədə bildirmişdi ki, Pekin “qeyd-şərtsiz ilk istifadə etməmək siyasətinə” sadiqdir, ölkənin nüvə arsenalı məhduddur. Onlar yalnız çəkindirmə üçün vacibdir.
Paralel olaraq Çin nüvə qüvvələrini modernləşdirdiklərini gizlətmir, lakin onları artırmaq planlarının olmadığına zəmanət verir. “Biz nüvə qüvvələrinə yalnız çəkindirici vasitə kimi baxırıq. Nüvə silahlarının yeganə məqsədi budur. Onlar döyüş meydanında istifadə edilə bilməz”, Fu Konq bildirib.
Pərviz SADAYOĞLU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.