AZ

Arıqlama çaylarının fırıldağı üzə çıxdı AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sosial şəbəkələrdə arıqlama məqsədilə təqdim olunan müxtəlif çay və qəhvə məhsulları geniş yayılıb. “Detoks”, “yağ yandıran”, “1 həftəyə 5 kilo” kimi iddialarla reklam edilən bu vasitələr əhalidə böyük maraq doğursa da, ehtiyatlı olmaq lazımdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) da bu cür məhsulların tərkibi və təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən dietoloq Ayşə Məmmədova bildirib ki, arıqlama adı ilə satılan çayların əksəriyyəti real yağ itkisinə deyil, orqanizmdə müvəqqəti maye itkisinə səbəb olur. "Bu məhsulların tərkibində çox vaxt işlədici və sidikqovucu təsir göstərən bitkilər yer alır. Nəticədə insan tərəzidə çəki azalması görür, lakin bu azalma əsasən su itkisi hesabına baş verir və qısa müddətli olur. Məhsulun qəbulu dayandırıldıqdan sonra çəki yenidən bərpa oluna bilir. Bundan əlavə, belə çayların nəzarətsiz və uzunmüddətli istifadəsi susuzlaşma, elektrolit balansının pozulması, halsızlıq, başgicəllənmə və hətta ürək ritmində dəyişikliklərə səbəb ola bilər. Bağırsaqların tez-tez süni şəkildə stimullaşdırılması zamanla onların təbii fəaliyyətini zəiflədə, “tənbəl bağırsaq” sindromu yarada bilər. Tərkibi dəqiq məlum olmayan və ya qeydiyyatsız məhsullar isə qaraciyər və böyrəklərə əlavə yük salaraq daha ciddi fəsadlara yol aça bilər".Dietoloq bildirib ki, xüsusilə xroniki xəstəliyi olan şəxslər, hamilə və süd verən qadınlar, eləcə də yeniyetmələr bu tip məhsullardan uzaq durmalıdır:"Unutmaq olmaz ki, sağlam və davamlı arıqlama balanslı qidalanma, kalori nəzarəti, kifayət qədər su qəbulu və müntəzəm fiziki aktivliklə mümkündür. Heç bir çay və ya qəhvə möcüzəvi şəkildə piy toxumasını əridə bilməz. Sağlam çəki itkisi zaman və səbir tələb edən prosesdir. Sosial şəbəkə reklamlarına deyil, mütəxəssis rəyinə etibar etmək ən doğru seçimdir".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
demokrat.az

1Mənbələr