ain.az bildirir, Oxu.az portalına istinadən.
Tovuzda evdən oğurluq etməkdə təqsirləndirilən Nemət Abbasov, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şikayət təmin edilməyib.
İttihama görə, həmin şəxslər 2021-ci ilin dekabr ayında Tovuz rayonunun Əyyublu kəndində fərdi yaşayış evindən 2 800 manat nağd pul və ümumi dəyəri 500 min manata yaxın olan qızıl-zinət əşyaları oğurlayıblar.
Hadisədən sonra rayonun Əyyublu kəndinin adları qeyd olunan sakinləri saxlanılıblar.
Aparılan araşdırma zamanı müəyyənləşib ki, cinayətin həyata keçirilməsi üçün şərait yaradan şəxs zərərçəkmiş Ceyhunun bacısı oğlu Elşad Cəfərov olub.
E.Cəfərov ifadəsində bildirib ki, dayısı Ceyhunun evindən oğurluq etmək barədə əvvəlcədən Zaur Əliyev və Nemət Abbasov tərəfindən plan qurulub. Elşad Zaurun oğurluq təklifi ilə razılaşıb.
O, dayısı və onun arvadı Könülün evdə olmadığını əvvəlcədən bilib və onların övladları Elməddini öz evinə dəvət edib. Bundan sonra cinayətkar qrupa dayısının evinin boş olması barədə məlumat verib.
Nəticədə təqsirləndirilən şəxslər VAZ - 21099 markalı avtomobillə oğurluğa gediblər.
Onlar evə daxil olaraq yataq otağından ümumi dəyəri yarım milyon manata yaxın olan qızıl əşyaları və 2 800 manat nağd pulu oğurlayıblar.
Canilər Bakı şəhərinə gələrək qızılları burada sataraq pulunu aralarında bölüblər.
Nemət Abbasov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev əldə etikləri pulla özlərinə avtomobil alıblar, qalan pulları digər ehtiyaclarına xərcləyiblər.
Təqsirləndirilən şəxslər zərərçəkmiş Ceyhunun bacısı oğlu Elşad Cəfərova 34 min manat "zəhməthaqqı" veriblər.
Bakıdakı dəstə üzvləri əldə etdikləri pulların 30 min manatını isə qumarda uduzublar.
Üç il ərzində aparılan araşdırma zamanı təqsirləndirilən şəxslər zərərçəkmişə dəyən zərərin əksər hissəsini qaytarıblar.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.
Zaur Əliyev 6 il 6 ay, Nemət Abbasov 6 il 11 bir ay 3 gün, Elşad Cəfərov 5 il 10 ay 25 gün, Asif Məmmədov 5 il 10 ay 27 gün, Elvin Mirzəyev 4 il 5 ay 20 gün, Anar Abbasov 3 il 4 ay 25 gün müddətinə həbs ediliblər. Onların həbs müddəti 15 avqust 2024-cü il tarixdən hesablanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.