Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazdığı və sosial şəbəkələrdə paylaşdığı, silinməsi müqabilində isə pul tələb etməkdə təqsirləndirilən Fəxri Cəbrayılov hakim qarşısına çıxarılıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Nərimanov rayon məhkəməsində keçirilən prosesdə F.Cəbrayılov barəsində qərar qəbul edilib.
Qərara əsasən, Fəxri Cəbrayılov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərlərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.
Saxlanılan şəxs foto və video görüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Orxan Rasifoğlu