AZ

Rəsmi İslamabad: Pakistan Əfqanıstandan terror təhdidini kökündən həll etməkdə qətiyyətlidir

Pakistan ordusu dəqiq hərbi əməliyyatlar keçirib, terrorçuların bazalarını hədəf alıb. Nəticədə terrorçular ağır itkilər verib.

Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Hərbi əməliyyatların “Əfqanıstan ərazisindən Pakistana qarşı terror hücumları təşkil edən “Fitna-al-Xawarij” və “Fitna-al-Hindustan” qruplaşmalarının ardıcıl hücumlarına və 26 fevralda Talibanın sonuncu əsassız və təhrikedici hərəkətlərinə cavab olaraq”, keçirildiyi bildirilib.

“Pakistanın atdığı addımlar özünümüdafiə hüququnu həyata keçirmək, vətəndaşlarının, habelə regionun təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”, - bəyanatda vurğulanıb.

XİN Pakistanın münaqişənin həlli istiqamətində xoşniyyətli addımlar atdığını və məsuliyyətli yanaşma sərgilədiyini bəyan edib: “Amma buna baxmayaraq, Taliban rejimi ilə Hindistanın fəal dəstəyi ilə Əfqanıstan ərazisindən terror hücumları artıb. Pakistan Əfqanıstan ərazisindən gələn terror təhdidini kökündən həll etmək üçün güclü qətiyyətini və əzmkar mövqeyini bir daha təkrarlayır”.

Rəsmi İslamabad Kabili “Fitna-al-Khawarij” və “Fitna-al-Hindustan” qruplaşmalarının Əfqanıstan ərazisində fəaliyyətlərinə son verməyə çağırıb.

Pakistan XİN beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun olaraq, özünümüdafiə hüququnu həyata keçirmək və vətəndaşlarını qorumaq üçün bütün müvafiq tədbirləri görmək hüququnu özündə saxladığını vurğulayıb.

Seçilən
8
2
moderator.az

3Mənbələr