Əfqanıstan və Pakistan arasındakı gərginlik Durand xətti boyunca genişmiqyaslı silahlı qarşıdurmaya çevrilib.
Bu iki ölkə arasında qarşıdurma genişlənə bilərmi?
Redaktor.az-a danışan politoloq Asif Nərimanlı bildirdi ki, Əfqanıstan və Pakistan arasında baş verən hazırkı toqquşmaların genişlənmə ehtimalı kifayət qədər yüksəkdir:
"Tərəflər arasındakı sərhəd məsələləri tarixən problemli olub və bu cür ixtilaflar münaqişənin istənilən vaxt alovlanması riskini həmişə saxlayır. Son toqquşmaların mahiyyətində və motivində də məhz bu amilin dayandığını demək olar. Mövcud vəziyyətə, xüsusən Pakistan tərəfinin rəsmi ritorikasına nəzər saldıqda, gərginliyin gözləniləndən daha şiddətli olduğu görünür ki, bu da müharibənin genişlənmə riskini artırır".
Politoloqun fikrincə, kənar müdaxilə olmasa, hərbi potensial baxımından kifayət qədər güclü olan Pakistan qısa müddətdə Əfqanıstanı müəyyən bir razılaşmaya və ya təslim olmağa məcbur edə bilər.
"Münaqişənin regional müharibə həddinə çatmasına səbəb ola biləcek ciddi geosiyasi maraqlar mövcuddur. Regional müstəvidə əsas maraqlı tərəflərdən biri Hindistandır çünki Pakistanın Əfqanıstanla müharibəyə cəlb olunması Hindistana Kəşmir məsələsində üstünlük qazandırır. Müharibə uzanarsa, Hindistan Kəşmir üzərində tam nəzarəti təmin etmək üçün hərbi müdaxilə variantına əl ata bilər. Hətta Pakistanın müdafiə nazirinin bu ssenariyə işarə etməsi belə bir ehtimalın real olduğunu göstərir".

Müsahibimiz əlavə etdi ki, geosiyasi müstəvidə ABŞ də bu prosesdə maraqlı tərəflərdən biridir.
"Pakistan-Əfqanıstan toqquşması regionu qeyri-stabil zonaya çevirir ki, bu da ilk növbədə Çinə qarşı aparılan strateji mübarizədə Amerika maraqlarına uyğundur. Pekinin sərhədləri yaxınlığında alovlanan bu münaqişə Çinin diqqətini öz regionuna cəlb etməklə yanaşı, onun nəqliyyat dəhlizləri üçün də ciddi risklər və təhlükələr yaradır. Siyasi və regional geosiyasi planları nəzərə alsaq, Pakistan və Əfqanıstan arasındakı toqquşmaların böyümə ehtimalı olduqca güclüdür. Hazırda proses yalnız iki tərəf arasında getdiyi üçün kənar müdaxilə olmasa, Pakistanın üstünlük əldə edərək prosesi yekunlaşdıracağı gözlənilir. Lakin hadisələrin inkişafına kənar güclər praktik şəkildə müdaxilə edərsə, bu, toqquşmanın regional müharibəyə çevrilmə riskini qaçılmaz edəcəkdir.", - deyə siyasi şərhçi yekunlaşdırdı.
Xədicə BAXIŞLI