AZ

"Rusiya Azərbaycandan üzr istəməlidir" - Deputatdan SƏRT AÇIQLAMA

Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Bakının Qroznı səmasında Rusiya tərəfindən raketlə vurulan AZAL təyyarəsi məsələsi ilə bağlı mövqeyi birmənalıdır və Rusiya tərəfindən addımların atılması gözlənilir.

Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyevin sözlərinə görə, Azərbaycan Hava Yolları təyyarəsinin vurulmasından sonra Azərbaycanın mövqeyi birmənalı şəkildə ondan ibarət olub ki, Rusiya etdiyi hərəkətin məsuliyyətini dərk etməli, bunu etiraf etməli və Azərbaycan qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirərək üzr istəməlidir.

"Təbii ki, Rusiyanın tərəddüdlərlə dolu, bəzən qeyri-kafi və Azərbaycanı qane etməyən cavabları Azərbaycan tərəfində suallar doğurub. Bu hadisə vətəndaşlarımızın həlak olması ilə nəticələnən bir faciədir. Biz bu məsələni heç bir şəkildə gözardı etmək və ya üzərindən keçmək niyyətində deyilik. Vətəndaşlarımız həlak olub və buna görə də Rusiya tərəfi məsuliyyət daşıyır. Prezidentin son çıxışlarında da AZAL təyyarəsinin vurulmasından sonra Azərbaycanın mövqeyi çox aydın və konkret şəkildə ifadə olunub".

Deputat bildirdi ki, Rusiyadan gözləntimiz qısa, konkret və qeyri-müəyyən ifadələrdən uzaq şəkildə məsuliyyəti qəbul etməsi və Azərbaycandan üzr istəməsidir.

"Bu məsələnin yaxın zamanda həll olunub-olunmaması isə birbaşa Rusiyanın ortaya qoyacağı mövqedən asılıdır. Rusiya hazırda Qərblə və Ukrayna üzərindən ciddi qarşıdurma şəraitində olsa da, onunla konstruktiv münasibətlər saxlayan qonşu dövlətlərlə əlaqələrinin dəyərini bilməli və bu münasibətləri normal səviyyədə qoruyub saxlamalıdır. Əgər bu hadisə baş veribsə, Rusiya həm qonşuluq münasibətlərindən, həm də beynəlxalq hüquq praktikasından irəli gələrək Azərbaycan qarşısında məsuliyyətini yerinə yetirməlidir. Məsələnin yaxın zamanda həll olunub-olunmaması yenə də Rusiyanın atacağı addımlardan asılıdır. Biz istərdik ki, bu məsələ tez bir zamanda öz həllini tapsın. Lakin burada Azərbaycanın edə biləcəyi əlavə bir addım yoxdur. Bütün məsuliyyət və qərar Rusiyadan asılıdır. Rusiyanın növbəti addımları göstərəcək ki, o, bu məsələyə qeyri-konstruktiv yanaşmanı davam etdirir, yoxsa Azərbaycanla münasibətlərində korrektə və düzəliş etməyə hazırdır. Yaxın gələcəkdə hadisələrin inkişafı bunu aydın şəkildə ortaya qoyacaq", - deyə T.Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
12
1
redaktor.az

2Mənbələr