AZ

Qidalanma vərdişlərinin 45 yaşdan sonra dəyişdirilməsi ömrü 3 ilədək uzada bilər

Bakı, 27 fevral, AZƏRTAC

Beynəlxalq tədqiqat göstərib ki, 45 yaşdan sonra qidalanma vərdişlərində edilən dəyişiklik insan ömrünü orta hesabla təxminən 3 il uzada bilər.

AZƏRTAC “Science Advances” jurnalına istinadla xəbər verir ki, İngiltərədə UK Biobank ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmada 10 il ərzində 103 min 649 nəfərin 5 müxtəlif qidalanma modelinə riayət etməsi, ölüm göstəriciləri və gözlənilən ömür uzunluğu təhlil olunub.

Müşahidə müddətində ümumilikdə 4 min 314 ölüm halı qeydə alınıb. Tədqiqat zamanı “Alternativ Sağlam Qidalanma İndeksi-2010”, “Alternativ Aralıq dənizi pəhrizi”, “Sağlam Bitki Mənşəli Qidalanma İndeksi”, “Hipertoniya ilə Mübarizə üçün Qidalanma Yanaşmaları” və “Diabet Riskinin Azaldılması Pəhrizi” kimi qidalanma modellərinin ölüm riskinin azalması və ömür uzunluğunun artması ilə əlaqəli olduğu müəyyən edilib.

Araşdırmanın nəticələrinə əsasən, sağlam qidalanma rejiminə keçid kişilərin ömrünü 1,9 - 3 il, qadınların ömrünü isə 1,5–2,3 il uzada bilər. Məlum olub ki, kişilərdə ömür uzunluğuna ən çox təsir göstərən model “Diabet Riskinin Azaldılması Pəhrizi”, qadınlarda isə “Alternativ Aralıq dənizi pəhrizi” qidalanma vərdişidir. Bu göstəricilərin genetik meyillərlə müəyyən dərəcədə əlaqəli olduğu bildirilsə də, sağlam qidalanmanın insanların genetik xüsusiyyətlərindən asılı olmayaraq ömür uzunluğuna müsbət təsir göstərdiyi vurğulanıb.

 

Seçilən
11
1
azertag.az

2Mənbələr