Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlayıb.
Akopyan bu
barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi onların
rəsmi nikaha daxil olmaları deyil, artıq birgə həyatlarının başa çatması deməkdir.
Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq.
Çünki aldığı əmlak hələ tikilməkdədir. Yaşayış xərclərinə gəldikdə isə, o,
hesabında 5 milyon dram qaldığını bildirib.
O qeyd edib ki, "Mənim Addımım" fondu ilə işini davam etdirmək istəyir. Lakin bu fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.
Bunun ardınca Nikol Paşinyan Anna Akopyanla münasibətlərinin pozulması ilə bağlı açıqlama verib.
O, Facebook
hesabında bu barədə yazıb.
"Mən Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində bütün çətin
günlərimdə o, mənim yanımda olub, mənim dayağım və dəstəyim olub. Əmin deyiləm
ki, mən də onun üçün eyni olmuşam. Ola bilsin ki, mən ona daha çox acı
yaşatmışam, bunun üçün üzr istəyirəm", - Paşinyan yazıb.
Ermənistanın birinci ailəsində nə baş verir?
Qeyd edək ki, Nikol Paşinyanla Anna Akopyan uzun illər birgə yaşasa da onların rəsmi nigahı olmayıb. Bunun səbəblərini Paşinyan hər dəfə bir cür söyləyib.
Amma 17 fevral 2026-cı ildə Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi nikaha daxil olması barədə xəbər yayıldı.
Bu barədə
informasiyanı baş nazirin həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində yazmışdı.
O bildirmişdi ki, vətəndaş nikahı ilə bağlı tarixçə başa çatıb, nikah VVAQ-da rəsmi
şəkildə qeydiyyata alınıb.
Həmçinin, Akopyan mövzunun müzakirəsi zamanı hər kəsi təmkin nümayiş etdirməyə
çağırmışdı.
Amma necə oldusa cəmi 10 gün sonra Anna Akopyan Nikoldan rəsmən ayrıldığını və hətta birgə yaşadığlqarı hökümət evini tərk etdiyini yazdı.
Qeyd edək ki, cütlüyün bir qızı və bir oğlu var.
10 gündə nə baş verdi?
Ehtimal ki, bu iyunda keçiriləcək parlament seçkiləriylə bağlıdır. Çünki qarşıdan gələn seçkilər olduqca gərgin keçəcək. Bu seçki Paşinyanın təkcə siyasi taleyinə yox, həm də fiziki mövcudluğuna aydınlıq gətirəcək.
Ona görə də Nikol bu seçkilərə hərtərəfli hazırlaşır.
Məlumdur ki, erməni cəmiyyətində Anna Akopyana münasibət birmənalı deyil. Onun haqqında tez-tez müxtəlif xoşagəlməz məlumatlar yayılır. İddia edilir ki, o, lüks və təmtəraqlı həyat yaşamağı xoşlayır. Və ən əsası Anna bu istəklərini dövlət büdcəsi hesabına reallaşdırır.
Hətta onun təşkil etdiyi xeyriyyə tədbirləriylə bağlı mənfi rəylər var.
Çox güman ki, bütün bunları nəzərə alaraq Nikolla Anna qarşılıqlı razılaşma yolu ilə boşanıblar. Bununla da ən azı seçkilərə qədər Paşinyan opponentlərinə əlavə fürsət vermək istəməyib.
Bu mənada bu boşanma erməni cəmiyyətində sosial yox, siyasi boşanma kimi dəyərləndirilir.
News365.az