Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev açılışda çıxışında qeyd edib ki, iki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksinin təməli mənim iştirakımla qoyulmuşdur. Bu gün isə bu Memorial Kompleksin açılışına toplaşmışıq.
Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür. Onların bəzilərinin işğaldan sonra qalıqları tapıldı və torpağa tapşırıldı.
Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir.
Birinci dəfə Prezident vəzifəsinə seçiləndən sonra andiçmə mərasimindəki çıxışımda da bildirmişdim ki, bu, bizim üçün əsas məsələdir və ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Hazırlıq dövrü çox çəkdi, bu da təbiidir. Çünki güc yığmalı idik, güc toplamalı idik. Öz haqq işimizi beynəlxalq müstəvidə təsdiqləməli idik, o cümlədən Ermənistan dövlətinin hərbi cinayətləri haqqında məlumatı çatdırmalı idik. Xocalı soyqırımı ilə bağlı həqiqətləri çatdırmalı idik və çatdırmışıq. Son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında bizim mövqeyimizi, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı və biz müharibəni dayandırdıq. Bu gün son iki il yarımlıq tarix göstərir ki, bu, nə qədər düzgün və düşünülmüş addım idi. Düzdür, o vaxt Xocalı, Xankəndi və bəzi digər yaşayış məntəqələri işğaldan azad edilməmişdi, ancaq mən bilirdim və əminəm, Azərbaycan xalqı bilirdi ki, o gün uzaqda deyil. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi.
Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa hərbi cinayətləri unutmayacağıq. Hər zaman güclü olmalıyıq və olacağıq ki, belə faciələr bir daha təkrarlanmasın.
Əliyusif Abbaszadə -Həsənlı kənd sakini