AZ

Azay Quliyev Memorial Kompleksdən prezidentin dünyaya verdiyi mesajlarından danışdı

ain.az, Gununsesi saytına istinadən bildirir.

“Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorial Kompleksinin Xocalı şəhərində açılışı çox önəmli tarixi hadisədir. Önəmli olan bir məsələ də cənab Prezidentin açılış mərasimində dünya və yerli ictimaiyyətə verdiyi mesajlardı”.

Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı Azay Quliyev deyib.

O, bu barədə verilən bir neçə mesaja diqqət çəkib.

Azay Quliyev deyib ki, verilən birinci mesaj belədir:

“Məlum oldu ki, Kompleksin layihəsi müharbədən əvvəl hazır imiş və onun Bakıda inşa olunması planlaşdırılmışdı. Lakin Prezidentin inamı bu abidənin azad Xocalıda qurulacağına idi və bu inam özünü doğrultdu. Həqiqətən də memorial Bakıda açılsa idi, bu daha çox simvolik xarakter dayışacaqdı, lakin bunun məhz Xocalıda açılması, faktiki suverenliyimizin və qələbəmizin mənəvi tamamlanması oldu. Uzun illər Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşkilatçılığı ilə xalqımızın Xocalıya tələb etdiyi ədalət əvvəl döyüş meydanında, sonra Baki Hərbi Məhkəməsində və nəhayət bu, soyqırım kompleksini azad edilmiş Xocalıda inşa etməklə bərqərar edildi”.

Azay Quliyev o cümlədən ikinci verilən mesajdan da danışıb:

“Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Bu Kompleks Xocalı soyqırımını heç vaxt unutdurmayacaq. Bəli, biz Ermənistan dövlətinin xalqımıza qarşı törətdiyi vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq. Həqiqətən, tarix dəfələrlə sübut edib ki, unutqanlıq, xüsusilə, erməni kimi qonşularımıza münasibətdə həmişə bizim üçün faciələrlə nəticələnib”.

Deputat son olaraq bildirib:

“Verilən üçüncü mesaj odur ki, güclü olmaq və düşməni qorxu altında saxlamaq sülhün təminatıdır. Prezidentin bildirdi ki, Ermənistan 44 günlük savaşda məğlub edildikdən sonra ona dəfələrlə xəbərdarlıq edildi ki, heç kimə, o cümlədən Qarabağda olan xarici ölkənin hərbçilərinə güvənməsin, separatizmə və xunta rejiminə son qoysun. Lakin Ermənistan buna məhəl qoymadı, nəticədə, Azərbaycan güc yolu ilə Qarabağdakı hərbi xuntanı və separatizmi məhv etdi. Yəni Ermənistan yenə də gücə tabe oldu. Ona görə də biz bundan sonra da o qədər güclü olmalıyıq ki, heç kim bizim torpaqlarımıza bir daha göz dikməsin. Hamımız yaxşı bilirik ki, biz Ermənistanı yalnız güc yolu ilə sülhə məcbur etmişik. Əlbəttə, Azərbaycan bölgədə sülhün və əmin-amanlığın əbədi olmasını istəyir və bunun üçün hər şeyi edir. Lakin Ermənistan və ya dünya ermənliyi haqqında bunu demək mümkündür? Xeyir, mümkün deyil. Təkcə bu günlərdə Britaniyada Erməni Milli Komitəsinin Parlamentdə 7 üzvü təsir altına alaraq qondarma “Dağlıq Qarabağda mədəni irsin dağıdılması” ilə bağlı araşdırma aparmağa başlaması göstərir ki, ermənilər hələ də ölkəmizə qarşı ərazi iddialarından imtina etməyiblər. Ümid edirik ki, Azərbaycana dost olan Britaniya hökuməti və parlamenti bu təxribatın qarşısını vaxtında alacaq və bu məkrli planın icrasına imkan verməyəcək. Bu hadisə bir daha sübut edir ki, cənab Prezidentin dediyi kimi, biz elə gücdə olmalıyıq ki, Ermənistan və dünya erməniliyi Azərbaycana qarşı növbəti dəfə təcavüz etməyi ağlına belə gətirməsin”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
5
icma.az

9Mənbələr